Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin minlərlə qəhrəmanından biri də şəhid Elgün Mövlanovdur. Həmişə öz Vətən sevdalı oğlunun şərəfini uca tutan Lerik camaatı onun şəhadətə qovuşmasının üçüncü ildönümü münasibətilə anım günü keçirib.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun, Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyevin, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərin qatıldığı anım mərasimdə şəhidin məzarı ziyarət olunub və önünə gül dəstələri düzülüb .
Daha sonra rayonun rəhbəri şəhidin boya-başa çatdığı ata ocağına baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 2-də Lerik şəhərində anadan olub. Orta təhsilini Milli Qəhrəman, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olmaqla erməni faşistlərinə qarşı ölüm-dirim savaşında böyük şücaət göstərib. İgid Əsgər 29 sentyabrda Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları əsasən Elgün Mövlanov ölümündən sonra 3-çü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü