Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı üzünü qabarıq şəkildə göstərməkdədir.
Ucqar bölgələrə şagirdlərə dərs keçmək üçün göndərilən müəllimlərin bir hissəsi də müəyyən vaxtdan sonra orada dayanmır və geri dönür. Qeyd etdiyimiz kimi, Azərbaycanda bəzi məktəblərdə müəllim çatışmazlığı hökm sürür. Bu da həmin təhsil müəssisələrində eyni müəllimin bir neçə fənni tədris etməsinə səbəb olur. Belə bir problem ölkənin şimal bölgəsində yaşanır. Xaçmazın Palıdlı kənd tam orta məktəbinin valideyni iddia edir ki, yeni dərs ili başlayandan uşaqlar əsasən bədən tərbiyəsi dərsi keçir. Fənn müəllimləri çatışmadığına görə dərslər boş keçir və ya bədən tərbiyəsi dərsi elan olunaraq açıq havada olurlar.
Palıdlı kənd tam orta məktəbi: “Fizika, tarix və rus dili fənləri üzrə problem yaşanır”
Sözügedən məktəbindən “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, məktəbdə bəzi fənn müəllimləri çatışmır. Əsasən fizika, tarix və rus dili fənləri üzrə müəllim problemi yaşanır.
Nizami Hüseynov: “Problemin həlli üçün müəllimlərin işə qəbulu imtahanlarında həmin ərazidə daimi yaşayan şəxslərə üstünlük verilməlidir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ölkədə gənc müəllimlərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, lakin bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir: “Onların əksəriyyəti Bakıda işləmək istəyir. Bəzi bölgələrdə müəllim çatışmazlığı var və elə olur ki, məsələn, tarix müəllimi coğrafiyadan da dərs deyir. Niyə kadrlar kifayət etmir? Çünki gənc müəllimlər kəndə getməkdən çəkinirlər. Bu da onların şəraitə qane olmamaları ilə bağlıdır. Regionları inkişaf etdirərkən təkcə yeni məktəblər tikmək yox, həm də müvafiq infrastrukturu - klublar, mədəniyyət evləri və s. yaratmaq vacibdir. Məsələn, kəndə gənc müəllim gəlir və şəhərdən sonra orada yaşamaq onun üçün uyğunsuzdur. Onun tamhüquqlu asudə vaxtını təmin etmək lazımdır. Bölgələrdə də kifayət qədər ixtisaslı kadrların olması lazımdır. Qarabağ məsələsi həll olunduğu üçün işğaldan azad edilmiş rayonlarda müəllimlərə ehtiyac yaranacaq”.
Ekspert hesab edir ki, bu sahədə yaşanan problemin həlli üçün müəllimlərin işə qəbulu imtahanlarında həmin ərazidə daimi yaşayan şəxslərə üstünlük verilməlidir. Eyni zamanda, ucqar yaşayış məntəqələri üçün əlavə həvəsləndirmə tədbirləri də görülməlidir: “Məsələnin başqa bir tərəfi də var. Hər il xeyli sayda namizəd müəllimlərin işə qəbulu imtahanlarından kəsilir. Böyük şəhərlərdə və rayon mərkəzlərində isə hətta müəyyən fənlərdən müəllim sıxlığı yaşanır. Belə nəticə çıxarmaq olar ki, ölkədə müəyyən fənlər üzrə kifayət qədər müəllim var, ancaq onlar bölgələrə getməkdə maraqlı deyillər”.
Günel CƏLİLOVA