Qala sakinləri zəhərli tüstü zavoduna qarşı çıxdılar...

Xəzər rayonu Qala qəsəbəsində yerləşən zavodun zəhərli tüstü buraxması sakinlərin narazılığına səbəb olub. Sakinlər küçədə maska ilə gəzmək məcburiyyətində qaldıqlarını və tüstünün onları narahat etdiyini bildiriblər:
“Bu tüstü bizi öldürür. Gecə-gündüz işlədirlər. Gecə səsdən, səhər isə tüstünün əlindən təngə gəlmişik. Problemin həll olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, səsimizə səs verən yoxdur. Zəhərli tüstünü udmaqdan ciyərlərimizi xəstə olub. Paltar sərməyə peşmanıq. Çünki paltar sərən kimi rəngi olur qap-qara. Bu ərazinin sakinləri uzun müddətdir ki, təmiz hava üzünə həsrət qalıb”.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidməti: “Müəssisənin fəaliyyət göstərməsi üçün müvafiq icazə alınmayıb”
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidmətindən bildirildi ki, Sahib Fərzəliyevə məxsus metaləridilmə müəssisəsində yoxlama aparılıb: “Müəssisənin fəaliyyət göstərməsi üçün müvafiq icazə alınmadığı, atmosferə atılan zərərli maddələrin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyan metal məmulatların hazırlanması zamanı istifadə olunan sobaya müvafiq qurğunun quraşıdırılmadığı, təhülkəli və təhlükəsiz tullantıların idarə olunmadığı müəyyən edilib. Bundan sonra isə bu ilin avqustunda müəssisə rəhbəri barəsində inzibati qaydada protokol tərtib edilib, o, 3500 manat cərimə olunub. Bu günlərdə keçirilən yoxlama zamanı isə nöqsanların aradan qaldrılmadığı aşkarlanıb, bundan sonra nöqsanlar aradan qaldırılmayacağı təqdirdə müəssisənin bağlanacağı ilə bağlı rəhbərliyə xəbərdarlıq edilib”.
- Qala bələdiyyəsi: “Sakinlər bununla bağlı bizə müraciət edərsə…”
Qala Bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, onlara məlum şikayətlə bağlı hər hansı bir müraciət daxil olmayıb: “Sakinlər bununla bağlı bizə müraciət edərlərsə biz bununla bağlı aidiyyəti qurumlara məlumat verib, problemin həllinə çalışarıq”.
Günel CƏLİLOVA