Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası 29 sentyabr 2023-cü il tarixində saat 14:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Böyük Akt zalında “44 gün – Tarixi zəfər” adlı kitabın F-L hərfləri üzrə II cildinin təqdimatını keçirir. Kitab 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap edilib. Kitabda 1000-ə yaxın şəxs haqqında ensiklopedik məlumat yer alıb.
Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo-calı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında əhatəli materiallar dərc edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda 4 cildlik kitab hazırlayıb, onlardan 3-ü çap olunub, 4-cü cild çapa hazırdır. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. Redaksiyanın hazırladığı «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir, burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb. Respublika Xatirə Kitabı redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş-di¬rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün das¬tanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. İradə SARIYEVA