Məktəbdə maarifləndirici tədbir keçirildi - FOTO

“Sağlam həyat naminə narkomaniyaya yox deyək” adlı maarifləndirici görüş Lənkəran şəhəri 6 saylı məktəb-liseydə baş tutub. Təşkilatçıları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsi olan tədbirə şagird və müəllim kollektivi ilə bərabər valideynlər də qatılıblar.
Əsas məqsəd şagirdlərə narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumat vermək, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, eləcə təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət olan tədbir iştirakçılar tərəfindən böyük razılıqla qarşılanıb.
Tədbirdə çıxış edən natiqlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması, mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş söhbət açıb, eyni zamanda gənclərə, yeniyetmələrə zərərli vərdişlərdən uzaq durmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr edilib.
Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülüb, şagirdləri düşündürən suallara isə ətraflı cavablar verilib.
Zəfər ORUCOĞLU