Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində bir müddət əvvəl yeddimərtəbəli binanın beş mərtəbəsi qanunsuz inşa edildiyi üçün sökülüb. Lakin hazırda həmin ikimərtəbəli tikilinin üzərində yenidən inşaat işlərinə başlandığı deyilir.
Ərazidə yaşayan sakinlərsə təhlükəsizlik baxımından narahatdır: “Yaxınlıqdakı ikimərtəbəli evin üzərində bina ucaldılır. Bir müddət əvvəl belə bir iş görülüb və sakinlərin şikayətindən sonra, mart ayında həmin bina qanunsuz olduğu üçün sökülüb. Hazırda isə ərazidə yenidən tikinti işləri aparılır. Aparılan tikinti işləri yaxınlıqda olan evlərin möhkəmliyini azaldır”.
Sabunçu RİH: “Hazırda həmin ərazidə yalnız abadlıq işləri görülür, əlavə bina tikintisi nəzərdə tutulmayıb”
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, hazırda yaşayış olan 8 mərtəbəli bina qanuni şəkildə 2017-ci ildə inşa olunub: “Həmin binanın yaxınlığındaki 2 mərtəbəli yaşayış evinin üzərində isə əlavə olaraq qanunsuz 5 mərtəbə ucaldılıb. Daha sonra qanunsuz tikili sökülüb. Binanın ilk 2 mərtəbəsinə isə rəsmi çıxarış olduğundan əl vurulmayıb. Hazırda həmin ərazidə yalnız abadlıq işləri görülür. Əlavə bina tikintisi nəzərdə tutulmayıb.
Kamran Məmmədli: “Bina nəzərdə tutulduğundan artıq yüklənərsə, bədbəxt hadisə qaçılmaz ola bilər”
Iqtisadçı Kamran Məmmədlinin sözlərinə görə, bina nəzərdə tutulduğundan artıq yüklənərsə, bədbəxt hadisə qaçılmaz ola bilər: “Hər bina təyinatı üzrə tikilir. Əgər bu, fabrik, zavoddursa təyinatı da ona uyğun olur, əgər yaşayış binasıdırsa, təyinatı fərqli olur. Heç bir halda bir bina həm yaşayış, həm də digər məqsədlər üçün nəzərdə tutula bilməz. Yəni bir bina həm yaşayış, həm də qeyri-yaşayış təyinatlı ola bilməz. Yaşayış nəzərdə tutulan binalarda sakinlərin təhlükəsizliyi məsələsi öndə gəlir. Zavod, fabrik və ya qeyri-yaşayış təyinatlı obyeklərdə isə qəza, yanğın təhlükəsizliyi risqi daha yüksəkdir. Əgər binanın üst qatında əlavə tikililər inşa edilibsə, bu, qanundan kənar bir addımdır. Buna qarşı qanunda müvafiq tədbirlər nəzərdə tutulub. Bu, memarlığa da, qanuna da ziddir”.
Əli TURABOV