314 saylı məktəb şagirdlərinin gündəlik yolunu qəbiristanlığın içindən salanlar…

Binəqədi rayonunda şagirdlər məktəbə getmək üçün hər gün qəbiristanlıq ərazisindən keçirlər. Bu haqda sosial şəbəkədə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, Biləcəri qəsəbəsi, Nur massivi adlanan ərazidə yerləşən 314 saylı tam orta məktəbə gedən yol hasarlanıb.
100-lərlə şagirdin alternativ yolu olmadığından məzarlığın içi ilə təhsil ocağına gedib-gəlməli olurlar: “İllərdir məktəb yolu kimi istifadə etdikləri dalan xəbərdarlıq edilmədən yaxınlıqda yaşayan sakinlər tərəfindən hasara alınıb. Bir neçə dəfə həmin hasar uçurulsa da, dalan yenidən hasara alınıb. Məktəbə qəbiristanlığın içi ilə keçib gedən şagirdlər dərsə vaxtında çata bilmirlər. Şagirdlərin qəbiristanlığın içi gedib-gəlməsi onların psixologiyasına təsir edir”.
Valideynlər qeyd edir ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə etməyiblər.
- Biləcəri qəsəbə Bələdiyyəsi: “… qanunazidd məsələlər varsa, aidiyyəti qurumlara müraciət olunacaq”
Məsələ ilə bağlı Biləcəri qəsəbə Bələdiyyəsindən bildirildi ki, onlara bu barədə hər hansı müraciət daxil olmayıb: “Yerində tam araşdırma aparacağıq. Əgər qanunazid məsələlər varsa, aidiyyəti qurumlara müraciət olunacaq. Tərəfimizdən lazımi tədbirlər görüləcək”.
- Elxan Əliyev: “Qəbiristanlığın ərazisi uşaqlarda psixoloji travma yaradır, məktəblilər qorxudan dərsə getmək istəmir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, yol bəzi şəxslər tərəfindən mənimsənildiyi üçün məktəblilərin dərsə gedib-gəlməsində problem yaranır: “Şagirdlər dərsə getmək üçün ya magistral yoldan isifadə etməlidir, ya da qəbiristanlığın içi ilə getməlidir. Magistral yol məktəblilər üçün təhlükəlidir. Çünki maşınlar həmin yol vasitəsilə hərəkət edir. Çarəsizlikdən məktəblilər qəbirlərin arası ilə gedib-gəlməli olur. Nəzərə almaq lazımdır ki, qəbiristanlıq yolu tozlu, palçıqlı olur. Yağış, qar yağan kimi o uşaqların necə əziyyətlə dərsə getdiyini təsəvvür etmək çətin deyil. Ən əsası, qəbiristanlığın ərazisi uşaqlarda psixoloji travma yaradır. Məktəblilər qorxudan dərsə getmək istəmir”.
ƏLİ TURABOV