Qüdrət Tofiq oğlu Məmmədzadə İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan ölməz qəhrəmanımızdır. O, 2001-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib, 1 oktyabr 2019-cu ildə ordu sıralarına yola düşüb. Əsgərlik həyat Qarabağın qaynar bölgəsində başlanır.
Əsgər Qüdrət Məmmədzadə 2020-ci il sentyabrın 27-də minlərlə Vətənin qeyrətli oğlu kimi əlinə silah alıb erməni dığalarına qarşı müharibəyə başlayıb. İştirak etdiyi gərgin döyüşlərdə cəsurluq, igidlik, mərdlik göstərməklə düşməni çoxsaylı itkilərə məruz qoyub. Oktyabrın 16-da Goranboy rayonu istiqamətdə gedən ağır müharibə meydanında özü də qəfil atılan yağı gülləsinə tuş gəlib, Vətənlə bir döyünən qəlbi dayanıb.
Azərbaycan xalqının ürəyində özünə taxt-tac quran, qeyrət zirvəsində dayanan Qüdrət Məmmədzadə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallarına layiq görülüb. Bu dünyadan vaxtsız getsə də, onun Vətəni necə sevməyi, halal torpağı uğrunda necə can verməyi tarixə yazılaraq gələn nəsillərə örnəkdir. Lənkəran camaatı həmişə öz qəhrəman oğlunun adını uca saxlayır. Artıq adını olan küçədə xatirəsinə ucaldılan bulaq kompleksi lənkəranlıların ən çox ziyarət etdiyi yerdir.
Qüdrət Tofiq oğlunun 24 yaşı tamam oldu. Adəti üzrə bu ildə onun doğum günü Lənkəranlılar tərəfində qürurla qeyd edildi. Belə ki, rayonun vəzifəli şəxsləri, idarə və müəssisələrdə çalışanlar, yerli sakinlər şəhidin ailəsinə baş çəkdi, uyduğu müqəddəs yeri ziyarət edib, önünə yeni güllərdə çələng hördülər.
Çıxışlar zamanı bildirildi ki, Vətən, torpaq uğrunda şəhid olanlar heç vaxt ölmürlər. Bizim Tofiqdə belə. Bu, Vətən sevdalisı cismən aramızdan gedib. Xalqımız var olduqca, o, ürəklərdə yaşamaqla, həmişə ehtiramla xatırlanacaq.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü