
Qarşıdan oktyabr ayı gəlir. Oktyabr ayı repressiya qurbanı olan görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1956-cı ildə bəraət aldıqdan sonra onun taleyində ən yaddaqalan aydır. Çünki taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin ölümündən çox-çox sonralar müxtəlif illərin məhz oktyabr aylarında onun barəsində tarixin ədalətli hökmləri verilib, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Ən başlıcası isə ulu öndərimiz Heydər Əliyevin tapşırığı və dəstəyi ilə Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsi də 1982-ci ilin oktyabr ayına təsadüf edib. Beləcə, müxtəlif illərin oktyabr ayları öz fəzilətləri ilə cavidsevərlərin qəlbində silinməz izlərlə yadda qalıb.
Oktyabr ayını ömrünün «qızıl fəsli» adlandıran, bütün varlığını, duyğu və düşüncələrini Cavid dünyasına təslim edən, çiyinlərində Cavidin cənazəsini uzaq Sibirdən gətirərək öz ömründə bir sirli-müəmmalı Cavid ömrünü yaşayan 86 yaşlı Həmid Cəfərov Heydər Əliyev ili elan edilmiş 2023-cü ildə də Cavid sevgisinə bir daha sədaqətini nümayiş etdirib. Ötən əsrin 80-ci illərində Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsində çalışmış Həmid Cəfərov yaşadığı evdə çoxsaylı arxiv sənədlərindən, fotolardan istifadə edərək “Heydər Əliyev - Hüseyn Cavid” sərgisi yaradıb.
Hikmət Xudiyev