2022-ci il 13-ü sentyabrda genişmiqyaslı erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərib tarix yazan igid Azərbaycan oğlanlardan biri də Dövlət Sərhəd Xidmətinin baş çavuşu şəhid Şəmistan Sadıxovdur.
Bu, Vətən sevdalısı dağlar diyarı Lerik rayonunun Əvilə kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan ürəyində mənfur dığalara qarşı kin, nifrət bəsləyir, böyüyəndə hərbiçi olmaq və düşməndən qisas almağı arzulayıb. Şəmistan Sadıxov 2013-cü ildə Əfqanıstanda Sülhməramlı Qüvvələrin sıralarında xidmət aparıb. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında şəhid Şəmistan Sadıxov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə, "Vətən uğurunda" medalına layiq görülüb.
Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri ölməz qəhrəmanımızın uyuduğu məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramını bildiriblər.
Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək qayğı və problemlərini öyrənib, söhbət zamanı vurğulayıb ki, Vətən, torpaq sevgisinə tapınıb onun yolunda şəhid olanlar ölmürlər. Milyonların ürəyində özünə məkan quru, əbədi bir həyat qazanırlar. Nəsibi möhtəşəm şəhidlik zirvəsindən boylanan səadəti olan Şəmistan da qəlblərdə yaşamaqla, zaman-zaman gələcək nəsillərə örnək olacaq...
Diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, xalqına razılıq edən şəhidin atası Əbdülağa Sadıxov axırda deyib ki, oğlumun şəhidliyi Vətənimə, millətimə baş ucalığı gətirdi. Bir ata olaraq mən bununla qürur duyuram...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü