Son illər ərzində valideynlərdə belə bir fikir formalaşıb ki, ali məktəbə qəbul olmaq üçün mütləq şəkildə övladları repititor yanına getməlidir. İstər repititor istərsə də hazırlıq kurslarına gedən abituriyentlər müxtəlif dərs vəsaitləri almağa məcburdurlar. Təklif olunan dərs vəsaitlərinin qiymətinin yüksək olması isə əksər hallarda valideyn və abituriyentləri çətin vəziyyətə salır.
Valideynlər qeyd edir ki, DİM-in əlavə dərs vəsaitlərinin qiymətində iki manat, müxtəlif nəşriyyatların çap etdiyi abituriyentlər üçün nəzərdə tutulmuş əlavə vəsaitlərin qiymətində isə üç-dörd manat bahalaşma var. Valideynlər onu da bildirir ki, əlavə dərs vəsaitlərini almağa məcburdurlar, çünki bu vəsaitlər olmadan şagirdlər summativ qiymətləndirmələrdə zəif nəticə göstərir. Bu səbəbdən də həmin vəsaitləri almağa məcburdurlar.
Məlumat üçün bildirək ki, Azərbaycana idxal olunan daha 3 növ kağız və karton - sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilib. Buna baxmayaraq ölkəmizdə kitabların qiyməti günü-gündən bahalaşır.
“Ölkəmizə kağız idxalına bir sıra güzəştlərin tətbiqinə baxmayaraq, kağız nəşrlər nəyəsə görə günü-gündən bahalaşır”
Təhsil üzrə ekspert Kamran Əsədov “Bakı-Xəbər”ə a qeyd etdi ki, ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün əlavə dərs vəsaitlərinin qiyməti kifayət qədər bahalaşıb. Bahalaşma kağız daşıyıcılarının qiymətinin bahalaşması ilə əlaqədardır. Ölkəmizə kağızların idxalına bir sıra güzəştlərin tətbiqinə baxmayaraq, kağız nəşrlər nəyəsə görə günü-gündən bahalaşır: “Əlavə dərs vəsaiti yenidən müəllif tərəfindən hazırlanarsa, bu, vəsaitlərin bahalaşmasına əsas ola bilər. Amma çoxu köhnə nəşrlərdir. Həmin vəsaitlərdə mühum dəyişiklik yoxdur. Ona görə də, test banklarının bu qədər bahalaşması ədalətsizlikdir. Bu, uşaqların daha yaxşı hazırlaşmasına mənfi təsir göstərir. Aztəminatlı ailələr öz övladlarına bu əlavə vəsaitləri ala bilmirlər”
Ekspertin sözlərinə görə, dərs vəsaitlərində qeydə alınan bahalaşma aztəminatlı ailələrin təhsilə əlçatanlığına mənfi təsir göstərir: “Onu da deyim ki , abituriyent hazırlığı üçün DİM-in və digər nəşriyyatlartın çap etdiyi əlavə vəsaitlərin çoxu yeni nəşrlər deyil. Çap olunmuş nüsxələrin bir neçə sualını dəyişməklə yenidən nəşr olunur. Test banklarına baxdıqda da ciddi fərqin olmadığı üzə çıxır”.
Günel CƏLİLOVA