Son illərdə Bakının dünyanın gözəl şəhərlərindən birinə, yaşıl parklar və bağlar məkanına çevrilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşdiyi hər kəsə məlumdur.
Amma bəzən bu tədbirlərə kölgə salanlar da olur. Müxtəlif şəxslər tərəfindən ağaclar, yaşıllıqlar qanunsuz şəkildə məhv edilərək yerində iaşə və digər xidmət obyektləri tikilir və ya parklanma yerləri salınaraq qeyri-qanuni şəkildə gəlir əldə edilir.
Belə bir hal Nizami rayonu Qara Qarayev küçəsində yaşanır. 8-ci kilometr bazarı ilə üzbəüz ərazidə xeyli sayda yaşlı ağac dəmir hasara alınıb. Yerli sakinlər iddia edirlər ki, ərazidə ticarət obyekti tikiləcək. Və ərazidəki ağaclar kəsiləcək.
Nizami RİH: “Orada abadlıq işləri aparılacaq, tikinti aparılacağı barədə bizdə məlumat yoxdur”
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələdən xəbərdardırlar: “Ərazi hasara alınıb. Amma orada abadlıq işləri aparılacaq. Tikinti aparılacağı barədə bizdə məlumat yoxdur”.
Flora Hacıyeva: “Bəzi şəxslər pul qazanmaq üçün yaşıl soyqırımlar törədirlər”
Ekoloq Flora Hacıyeva qeyd etdi ki, son illər Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi iş adamları və məmurlar bu yaşıllıqlara qənim kəsilirlər. Əlbəttə, bu məqam da hamıdan çox sakinləri narahat edir. Pul qazanmaq, var-dövlət əldə etmək aidiyyatı məmurların gözlərini tutduğu üçün bu hallar baş verir, yüzlərlə, minlərlə vətəndaş istirahətdən, yaşıllıqdan məhrum olur: “Bu günlərdə 8 km adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı məlumat yayıldı. Həmin ərazidə olan ağaclar müxtəlif səbəblərdən kəsilə bilər. Ola bilər ki, ərazidə olan ağaclar quruyub. Bu səbəbdən də səlahiyyətli şəxslər onları kəsib. İstənilən halda yaşıllığın nə səbəbdən məhv edilməsi araşdırılmalıdır. Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın bölgələrində yaşıl soyqırım davam edir və bu da nəzarətsizlikdən baş verir. “Bəzi şəxslər pul qazanmaq üçün yaşıl soyqırımlar törədirlər. Yaşıl soyqırım törədənlərə qarşı ciddi tədbirlər görülməlidir. Prezident yaşıllıqların, meşələrin mühafizəsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıqlar verir. Prezidentin bütün sərəncamlarının, tapşırıqlarının icrasına ciddi nəzarət olunmalıdır”.
Günel CƏLİLOVA