44 günlük haqq savaşımızda Vətənin, millətin yolunda canını fəda edib qələbə sevincini bizə yaşadan Lənkəran elinin qəhrəman oğlu İmaməli Əhədzadənin əbədiyaşar ömrünün 26-ci ilinin tamamında rayonda mərasim təşkil edilib. Belə ki, rayon sakinləri, rəhbər işçilər yığışıb şəhidin ailəsinə baş çəkib, doğma Şilavar kəndindəki uyduğu məzarını ziyarət edib, önünə tər güllərdən çələng hörüblər.
Çıxışlar zamanı Vətən sevdalısı İmaməli Şəvəqqət oğlunun şərəfli həyat yolundan, canından artıq bağlandığı Azərbaycana ilahi sevgisindən, İkinci Qarabağ müharibəsində döyüşdə göstərdiyi şücaətdən qürurla, fəxrlə söhbət açıblar. Bildirilib ki, elin igid oğlu İmaməli ömrünün ən şirin cağında - 23 yaşında torpaq uğrunda şəhidlik zirvəsinə ucalıb. Bu şərəfə ürəklərə köçüb, xalqı üçün əbədiyyət Günəşinə döndü. İmaməli cismən aramızda olmasa da, daim xoş duyğularla xatırlanar, gələn nəsillərə də örnək olacaqdır.
Qalib şəhidimiz İmaməli Əhədzadə 2004-2015-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada təhsil alıb. Vətəninin hər guşəni özünə əziz bilən igid 2015-2017-ci illərdə cəbhə bölgəsində xidmətdə olub. Xidmət zamanı, yəni 2016-ci il aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində erməni dığalarına yaxşı dərs keçib. Həm də onun bu, misilsiz hünəri dillərdə dastana dönüb.
İkinci Qarabağ müharibəsində İmaməli isə Vətənin harayına könüllü səs verib. “Torpaq uğrunda ölən varsa, Vətəndir” - deyib Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən ağır müharibə meydanlarında vuruşub. Düşmən gülləsinə tuş gələndə də son sözü “Vətən” olub. Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və digər medallar İmaməlinin ürəkdən doğma Azərbaycana bağlı olmasında yaxşı nümunədir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü