Əmlak satışı saytlarında fərdi həyət evləri ilə bağlı elanlarda tez-tez bu tip cümlələrə rast gəlmək mümkündür. “Makler evi ilə səhv salmayın, keyfiyyətli tikinti materialları ilə tikilib” və ya “üzü bəzək, keyfiyyəti sıfır olan makler evinə bənzətməyin”. Bu tip elanların sayı yetərincədir. Onu da qeyd edək ki, makler evlərinin qiyməti nisbətən ucuz olduğu üçün insanlara çarəsizlikdən həmin əmlakı almağa üstünlük verir.
Ancaq ekspertlər isə “makler evi”ni almağı məsləhət görmür. İddia olunur ki, hansısa işbazlar daha tez və çox pul qazanmaq üçün tələm-tələsik və keyfiyyətsiz fərdi evlər tikməklə satışa çıxarır. Nəticədə həmin evlərin keyfiyyəti standarta cavab vermir.
“Bu evlərin bəziləri daha tez pul qazanmaq məqsədi ilə işbazlar tərəfindən ucuz materiallarla və cəmi bir neçə həftəyə inşa edilir”
Əmlak eksperti Elmin Sultanov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vətəndaşlar belə evləri alarkən diqqətli olmalıdırlar. Çünkü bu evlərin bəziləri daha tez pul qazanmaq məqsədi ilə işbazlar tərəfindən ucuz materiallarla və cəmi bir neçə həftəyə inşa edilir: “Əslində isə 1 evin tikilib ərsəyə gətirilməsinə minimum 3 ay vaxt sərf edilməlidir. Çünkü tikinti zamanı bəzi materialların quruması vacib hesab edilir. Bu evləri alan zaman bir sıra nüanslara diqqət etmək lazımdır. Keyfiyyətsiz evlərin fəsadları da çox ağır olur və aradan qaldırılması da baha başa gəlir. 32 min manat verib Masazırda bir həyət evi alırsan. Baxanda, evə oxşayır. Amma normalara riayət edilmədən tikilib. Ümumiyyətlə, “makler evləri” potensial təhlükələrdir. Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq. Onların ömrü 10-15 ildir”.
Ekspert xüsusi olaraq vurğuladı ki, həyət evləri tikilərkən seysmik kəmər mütləq olmalıdır. Bir də bünövrəsi bağlanmalıdır. Ancaq “makler evləri”ndə 100 faiz yoxdur: “Yaxud bütün qapıların üstündə beton atma olmalıdır. Bunlara dövlət nəzarət edə bilməz, amma bələdiyyə nəzarət etməlidir. İcra hakimiyyətlərində memarlıq şöbəsi var. Tikinti üçün icazə alan şəxslərə həmin memarlar bir eskiz versələr, heç olmasa nizamlanmış şəkildə gedər. Usta ilə ev tikirlər. Usta nə bilir ki, seysmik kəmər nə üçündür?
Onu da deyim ki, “makler evi” kimi tanınan evlər tikilən zaman sökülmüş binaların materiallarından da istifadə olunur. Bu da tikilinin dayanıqlığına təsir edir”.
Günel CƏLİLOVA