Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binanın sakinləri mənzillərinin artırmalarının təzminat ödənilmədən sökülməsinə etiraz edirlər. Bina sakinləri təxminən 30 il bundan əvvəl yaşadıqları mənzillərin qarşısında əlavə artırmalar edib, tikinti işləri həyata keçiriblər. Şikayətçilərin iddialarına görə, bu işləri görərkən aidiyyəti dövlət qurumlarının şifahi razılığını da alıblar. Tikintini başa çatdırandan indiyə qədər bu qaydada yaşayıblar.
Qeyd edək ki, məlum bina plana düşüb və tamamilə sökülərək yerində yeni yaşayış binasının tikilməsi qərarlaşdırılıb. Bu məqsədlə söküntü işləri aparılarkən mənzillərin qarşısındakı artırmalara görə heç bir təzminat verilmir. Bu da vətəndaşların narazılığına səbəb olur.
Mövzu ilə bağlı fikir bildirən hüquqşünas Aytən Isaqızı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, binaya hər hansı bir əlavə artırılıbsa bunun rəsmi sənədi olmalıdır. Rəsmi sənəd yoxdursa həmin tikiliyə heç bir ödəniş edilə bilməz. Çünki həmin artırma özbaşına tikili hesab edilir: "Məlumat üçün deyim ki, hər bir şəxsin mülkiyyətində olan daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmalıdır. Əmlak qeydiyyata alınan zaman vətəndaşa çıxarış verilir. Bina evlərində bu kimi hallar çox yaşanır. Belə ki, bəzi şəxslər evlərinə qanunsuz artırma edir və onu öz mülkiyyəti zənn edir. Ancaq rəsmi sənəd yoxdursa həmin artırma vətəndaşın mülkiyyəti hesab olunmur. Bu kimi problemlərin yaşanmaması üçün əmlakına əlavə artırma edən şəxs mütləq həmin tikilini rəsmiləşdirməlidir".
Ekspertin sözlərinə görə, artırmaların çox olması, tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, tikinti şirkəti vətəndaşa daha çox vəsait və ya kvadrat verməli olur. Buna görə də belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.
Həmsöhbətimiz onu da əlavə etdi ki, həmin artırmalar aşağı mərtəbələrə olduğu zaman binaların konstruksiyasına zərər vermədiyi halda, yuxarı mərtəbələrdə edilən artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır.
Günel CƏLİLOVA