Ölkədə fəaliyyət göstərən müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayı üçün bu vəsait 830 manat təşkil edib: “Təbii ki, hər il sertifikatlaşdırma imtahanları keçirilir və müəllimlərin əməkhaqlarına əlavələr olunacaq”.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında müəllimlərin orta aylıq əməkhaqqı 790 manat olub.
Kamran Əsədov: “Müəllimlik peşəsinin orta əməkhaqqısı artaraq 1000 manata yaxınlaşıb, hətta…”
Müəllim maaşının 830 manat olması barədə fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlət tərəfindən müəllimlik ixtisasına 500 baldan yüksək balla qəbul olan tələbələrə aylıq əlavə təqaüdlərin verilməsi, həmçinin işə qəbul prosesinin şəffaflaşdırılması müəllimlik peşəsinə marağın artmasına səbəb olub. Son iki ildə müəllim olmaq üçün imtahanda iştirak edənlərin sayı 60000 nəfərdən çoxdur. Bu rəqəmlər çox ciddi rəqəmlərdir: “Müəllimlik peşəsinin orta əməkhaqqısı artaraq 1000 manata yaxınlaşıb. Bu gün 1500-1600-dən çox əməkhaqqı alan müəllimlərimiz var. Bu peşə hazırda əməkhaqqı baxımından digər peşələrdən heç də geri qalmır. Gələcəkdə prosedurların da təkmilləşməsi bu peşəni seçənlərin daha da artmasına müsbət təsir göstərəcək. Təkcə sertifikasiyadan keçməyən 740-dan çox müəllim var idi. Onların yerini daha savadlı gənclər alacaq”.
Fazil Mustafa: “Müəllimlərin maaşını artırmaq normal tendensiyadır, buna vaxtaşırı gedilməlidir”
Millət vəkili Fazil Fazil Mustafa isə hesab edir ki, müəllimlərin maaşı Avropa ilə müqayisədə azdır: “Müəllimlərin maaşlarının qaldırılması istiqamətində addımlar atılır. Bunun da yüksək səviyyəyə çatdırılması düşünülür. Bu, müsbət tendensiyadır. Ölkədə ən yüksək maaş alan kateqoriya güc strukturlarından sonra müəllimlər olmalıdır. Müəllimlər bu vəsaitlə normal yaşayışlarını təmin etmə imkanına sahib olmurlar. Bu səbəblə də məcbur repititorluq fəaliyyyətinə üz tutmalı olurlar. Halbuki yüksək maaş olsa, müəllim özü də məktəbə daha çox bağlanar, faydalı töhfə verə bilər. Xüsusilə də uşaqların dərs müddətində hazırlanması, onların daha yetkin formalaşmasına kömək edə bilərlər. Bu baxımdan maaşların indiki səviyyəsi Avropa ilə müqayisədə ürəkaçan deyil, qalxmalıdır. Müəllimlərin maaşını artırmaq normal tendensiyadır, buna vaxtaşırı gedilməlidir. Müəllimin normal təminatı olmasa, gələcəyimiz üçün layiqli vətəndaşların yetişdirilməsində də problemlər yaşanacaq”.
Günel CƏLİLOVA