Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, savadlılıq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə uğur qazandırır. Savadlılıq başqaları ilə ünsiyyətin açarıdır və hər kəs üçün cəmiyyətə sərbəst inteqrasiya etməyə imkan yaradır. Dünyada savadlılıqla bağlı 40 il ərzində mühüm irəliləyiş əldə olunub: 3,6 milyard insan oxumağı və yazmağı öyrənib. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Lakin dünyada 244 milyon məktəb yaşlı uşaq hələ də məktəbə getmir.
Mətləb Salahov