Bu gün dünyanın ən qorxulu xəstəliyi xərçəng bəlasıdır. Xərçəng yaradan qida və içkilərsə onun inkişafını tezləşdirir. Həkimlərin və mütəxəsislərin araşdırmasına görə, çörək və yağ xərçəng riskini artırır. Qeyd edilir ki, Azərbaycanda istehsal edilən və ucuz qiymətə satılan yağlar heyvan mənşəli deyil, palma cəyirdəyindən hazırlanır.
Dünyada, palma çəyirdəyindən hazırlanan yağlardan qida məhsulu kimi yox, yalnız sənayedə istifadə olunur. Amma Azərbaycanda bunu qida məhsulu kimi istifadə edilir. İddia olunur ki, palmanın çəyirdəyindən alınan yağ zərərlidir.
“Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması keyfiyyətsiz məhsullarla bağlıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə qida ilə bağlı ciddi problemlər var. Qida təhlükəsizliyinin təmin olunması üçün 3 il əvvəl ölkədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin yaradılması olduqca mühüm və vacib idi. Ancaq AQTA lazımi hədəflərə hələ də çata bilməyib: "Danılmaz faktdır ki, Azərbaycan istehlakçıları digər ölkələrlə müqayisədə apteklərə çox üz tutur. Xəstəxanalarda həkim qəbulunda növbələr yaşanır. Son illər xəstəliklərin nə səbəbdən artması əslində istifadə olunan qidanın keyfiyyəti ilə bağlıdır. Əksər dünya ölkələri uzunömürlüyünə görə Azərbaycandan öndədir. Bununda səbəbi təbii ki, keyfiyyətsiz qidalardır. Keyfiyyətsiz qida dedikdə yağ, çörək, şirniyyat, müxtəlif növ içkilər və digərləri daxildir".
Həmsöhbətimiz palma yağlarının iki cür olduğunu dilə gətirdi. Palmanın toxumu və gövdəsindən hazırlanan yağlar: "Toxumdan hazırlanan yağlar normaldır, Avropa bazarında da satılır. Ancaq gövdəsindən və yarpağından hazırlanan yağlar sənaye üçündür. Təəssüf ki, bizdə bu yağlar sərbəst şəkildə satılır. Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır".
Birlik sədrinin sözlərin görə, tibbi laboratoriyaların vəziyyəti xoşagələn deyil. Bu sahədə də böyük problemlər var. Cihazların standarta uyğunluğu, saz vəziyyətdə olub-olmaması mütəmadi olaraq yoxlanılmalıdır.
Günel CƏLİLOVA