Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı iddia edilir. Bu barədə qəsəbənin Pərviz Musayev küçəsinin sakinləri sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edilir ki, onlar evlərinə avtomobillə gedə bilmir.
Buna səbəb avtomobil yolunun qanunsuz olaraq bir gecənin içində satılmasıdır: “Hazırda çoz çarəsiz vəziyyətdəyik. Yol qazılandan sonra avtomobillə hərəkət edə bilmirik. Evimizə gedə bilmirik. Təcili yardım maşını tam olaraq evə, qapının yanına gələ bilmir. Çünki yol qazılıb. Məsələ ilə bağlı Mehdiabad qəsəbə Bələdiyyəsi də xəbərdardır. Problem qısa vaxt ərzində həll olunmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Mehdiabad qəsəbə Bələdiyyəsi: “Sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçirilib”
Mövzu ilə bağlı Mehdiabad qəsəbə Bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar. Sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçirilib: “Yolun qazılan hissəsi həqiqətən də qanuni olaraq bir şəxsə aiddir. Orada sonradan yol salınıb. Vətəndaşlara demişik ki, yol bərpa olunacaq”.
Elxan Əliyev: “Əhalinin rahatlığı üçün yol əvvəlki vəziyyətinə qayıtmalıdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bizimlə söhbətindən bildirdi ki, hansısa ərazidə bir qarış torpaq alınıb-satılarkən aidiyyəti qurumların xəbəri olur: “Mehdiabad qəsəbəsində avtomobil yolu satılır, ancaq həmin ərazidə qazıntı işləri aparılandan sonra qurumların xəbərdar olması inandırıcı deyil. Bu məsələ qısa müddətdə vətəndaşların xeyrinə həll olunmalıdır. Əhalinin rahatlığı üçün yol əvvəlki vəziyyətinə qayıtmalıdır. Yaşlılar, xəstələr uzun yol qət edə bilmir. Onlar avtomobil vasitəsilə istədikləri ünvana gedib-gəliblər. Danılmaz faktdır ki, bu gün elə ərazilər var qanunsuz şəkildə satılıb və həmin yerdə ya şəxsi əmlak, ya da dükan tikiblər. Ancaq Mehdiabad qəsəbəsində sakinləri narazı salan yol isə piyada və maşın yoludur. Həmin yol bağlanandan sonra insanların qarşı tərəfə keçməsi üçün yol qalmayacaq”.
Günel CƏLİLOVA