Məlum olduğu kimi, xeyli sayda müəllim sertifikasiyadan kəsilib. 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Məlumat üçün bildirək ki, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı məlumatda qeyd edilir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanılıb.
Maraqlıdır, əmək müqaviləsinə xitam verilən müəllimlərin taleyi necə olacaq?
“700-dan çox müəllim bugünə kimi çoxlu sayda uşağa dərs deyib, o uşaqların aqibətini fikirləşmək lazımdır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Azərbaycan müəllimləri ilk dəfə 2014-2018-ci illərdə diaqnostik qiymətləndirməyə cəlb olunub. Həmin ərəfədə diaqnostik qiymətləndirmənin aparılmasında əsas məqsəd müəllimlərin dərs bölgüsü probleminin aradan qaldırılması idi. Müəllimlərlə bağlı yeni bir mərhələ başlayıb: "Sertifikasiya orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlamaq məqsədi daşıyır. Ötən il ibtidai sinif müəllimləri üzrə keçirilən sertifikasiyada 2800 pedaqoq müsabiqə şərtlərini ödəyə bilmədi. Onlara ikinci şans verildi. Hazırda kifayət qədər sayda müəllim müsabiqə şərtlərini yerinə yetirə bilməyib. Beləliklə, 743 müəllimin əmək fəaliyyətinə xitam verildi. Bu kifayət qədər ədalətlidir. Ona görə ki, bəzi müəllimlər öz ixtisasları üzrə minimum suallara belə cavab verə bilmir. Biliyi olmayan müəllim şagirdə heç nə öyrədə bilməz. Onu da nəzərə almaq lazımdır ki, 700-dən çox müəllim bugünə kimi çoxlu sayda uşağa dərs deyib. O uşaqların aqibətini fikirləşmək lazımdır".
Ekspert hesab edir ki, sertifikasiya çox ciddi prosesdir. Beləliklə, Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verəcək: "Ümumiyyətlə, bu sahədə aparılacaq işlər daha sərt formada davam etməlidir. Təhsil sistemində savadlı, biliyinə güvənən müəllimlər olacaq".
Həmsöhbətimiz onu da əlavə etdi, 743 müəllimi məzun edən ali təhsil müəssisələri ilə bağlı araşdırma aparılmalıdır. Sertifikasiya təhsil sisteminin sağlamlaşdırılması üçün aparılır. Bilikli, bacarıqlı, psixoloji baxımdan hazır olan müəllimlərin məktəbdə qalması daha uyğundur.
Günel CƏLİLOVA