Lənkəran respublikamızın böyük və inkişaf etmiş şəhəri hesab olunur. Reallığa gəldikdə, burada son illər yaranan, əhalini narahat edən sosial problemlər qalmaqdadır. Artıq şəhərin daxilində elə küçələr var, orada hərəkət etmək çox çətindir. Tozlu, palçıqlı küçələrin təmiri nədənsə xalqın taleyinə məsul olan yerli məmurları narahat etmir.
Şəhərdəki Molla Baba Axund küçəsi pis gündədir. Asfalt örtüyü dağılıb, çox hissəsində iri çuxurlar əmələ gəlib. Bir balaca qaranlıq düşəndə küçədə hərəkət tamam dayanır. Həm də yararsız küçənin xəndəkləri də üzün müddətdir təmizlənmir. Məhz bu səbəbdən xəndəklərin otu hətta hasarları basıbdır. Sakinlərin dediyinə görə xəndəklərdə çirkabda yuva quran ilanlar çox vaxt həyətlərə girir, insanlar üçün təhlükə yaradır...
Şəhərdə sakinlər tərəfindən ən çox istifadə olunan küçələrdən bir də Əli Məmmədovun adınadır. Burada poçt, universitet, bir çox vacib sosial obyektlər, digər müəssisələr yerləşir. Mərkəzdə qərar tutan küçənin çuxurları əhalinin gediş-gəlişində çətinlik yaradır. Onun təmirinə indiki zamanda ciddi ehtiyac vardır.
Ümumiyyətlə, Lənkəran şəhərinin görkəminə xələl gətirən küçələr var. Aidiyyəti qurumlar vəziyyəti düzəltmək üçün əməli işə keçməlidir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü