Son illər yolların genişləndirilməsi, müasir piyada keçidlərinin, səkilərin tikilməsi ilə piyadaların təhlükəsiz hərəkəti üçün müəyyən işlər görülür.
Bakı şəhərində əhalinin təhlükəsizliyi baxımından son illər yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Bu keçidlərin əksəriyyətində pilləkən deyil, eskalatorlar quraşdırılır. Əslində, eskalatorlu keçidlər daha rahatdır. Ona görə ki, yaşlı sakinlərin pilləkənləri çıxmasına ehtiyac qalmır.
Ancaq son illər piyada keçidlərində quraşdırılan bəzi eskalatorların işləməməsi vəziyyəti çətinləşdirir. Nəticədə insanlar yeraltı keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə təhlükəsizlik qaydalarına ziddir.
Bu kimi hallar paytaxtın bütün ərazilərində, o cümlədən Qış parkındakı keçiddə müşahidə olunur. Eyni zamanda, Heydər Əliyev Sarayı (Bülbül prospekti) və Mərkəzi Bankın qarşısındakı eskalatorlarda da vəziyyət fərqli deyil.
“Aidiyyəti qurumlar yeraltı və yerüstü keçidlərdə insanların rahatlığının təmin olunması üçün eskalatorların işlək olmasını mütəmadi nəzarətdə saxlamalıdırlar”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, yerüstü və yeraltı keçidlərdə eskalatorların işləməməsi insanlara əlavə problemlər yaradır: “Biz hər yerdə deyirik, bəyan edirik ki, insanlar yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər. Çünki yollardan birbaşa keçərkən öz həyatlarını təhlükə altına ata bilərlər. Bəllidir ki, eskalatorların işləməməsi insanları çətin duruma salır. Əlilliyi olan və ya yaşlı insanlar işləməyən eskalatorlarla hündür pillələri qalxıb-düşərkən çətinlik çəkirlər. Bu isə onlar üçün çox çətin olur. Obyektiv səbəbdən işləməyən eskalatorlardan istifadə etməyərək birbaşa yolu qadağan olan hissədən keçərək həyatlarını təhlükə altına atırlar. Nəticə etibarilə bir tərəfdən həyatları təhlükə altına düşür, digər tərəfdən qəza şəraitinin yaranmasına səbəb olurlar”.
Həmsöhbətimizin sözlərinə görə, aidiyyəti qurumlar yeraltı və yerüstü keçidlərdə insanların rahatlığının təmin olunması üçün eskalatorların işlək olmasını mütəmadi nəzarətdə saxlamalıdırlar: “Dövlət qurumları ilə yanaşı, vətəndaşlar da bu məsələdə fəal olmalıdırlar. Hansı keçiddə eskalator işləmirsə, vətəndaş dərhal bu barədə aidiyyəti qurumu məlumatlandırmalıdır. Bakı şəhərinin bəzi yeraltı və yerüstü keçidlərində ciddi problemlər var. Yağış yağarkən bəzi keçidlərə su dolur. Bu da drenaj sisteminin olmaması ilə bağlıdır. Həmin keçidlər istifadə üçün yararsız olur, piyadalar oradan keçə bilmir”.
Günel CƏLİLOVA