Azərbaycanda yeni parkinq qaydaları qüvvəyə minib. Ölkəmizdə ilk dəfədir ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Yeni qaydalara əsasən, nağd ödənişlər qanunsuz hesab olunur.
Məlum olduğu kimi, ölkəmizdə avtomobillərin parklanmasına görə yeni qaydalar iyunun 25-də Nazirlər Kabineti (NK) tərəfindən qəbul edilib. Avqustun 7-dən etibarən parklanma ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb.
Qeyd edək ki, müvafiq qərar parklanma yerlərində nizam-intizamın yaradılmasına xidmət edir. Lakin müşahidələr göstərir ki, nağdsız ödəniş sistemi tətbiq olunsa da, “parkovşiklər” hələ də sürücülərdən ödəniş tələb edir. Əks halda sürücüyə həmin nəqliyyat vasitəsini park etməyə icazə vermirlər.
AYNA: “Küçələrdəki parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Bakı-Xəbər”ə bildirildi ki, paytaxtın mərkəz və birinci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri intensiv şəkildə aparılır: “Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında” Qərarının icrası ilə bağlı işlər davam etdirilir: “Mərkəz və birinci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri intensiv şəkildə aparılır. Parklanma yerlərində müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir. Artıq avqustun yeddisindən həmin ərazilərdə ödənişlər yalnız nağdsız qaydada mobil tətbiq, SMS və ödəmə terminalı vasitəsilə həyata keçirilir. Küçələrdəki parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər”.
Elxan Əliyev: “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi büdcə üçün əlavə gəlirdir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu tətbiq yenidir, zamanla daha da təkmilləşdirilməsinə ehtiyac olacaq: “Məlumdur ki, bugünə qədər tanımadığımız şəxslərə parkinq üçün pul verirdik. Həmin pulların hara getdiyi isə məlum deyil. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi büdcə üçün əlavə gəlirdir. Bu, həm qeyri-qanuni dövriyyəni aradan qaldırır, həm də vergi ödəmələrini artırır. Əsas məsələlərdən biri də odur ki, artıq parklanma dövlət təşkilatları tərəfindən həyata keçirilir”.
Günel CƏLİLOVA