Son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, yenilərinin inşası və əsaslı təmir olunaraq müəllim və təhsilalanların istifadəsinə verilməsi ilə sıx bağlıdır.
Məktəb, universitet və məktəbəqədər təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunaraq təhsilalanların ixtiyarına verilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu sahədə görülən işlər göz qabağındadır. Lakin elə tədris ocaqları var ki, hələ də dağılmış vəziyyətdədir. Belə bir hal Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağçada müşahidə olunur. Bu bağça qəzalı vəziyyətdədir. Yusif Məmmədov adlı sakin sosial şəbəkədə yazaraq bildirir ki, istifadəyə yararsız olan bağça ilan yuvasına çevrilib: “Bağçanın döşəməsi çürüyüb, yağış yağan kimi binanı su basır. Qışda burada qalmaq olmur. Uşaqlar qızınmaq üçün evlərindən gətirdikləri odunu yandırırlar. Yayda da adam yerdən ilanın çıxmasından qorxur”.
Lənkəran - Astara Regional Təhsil İdarəsi: “Aidiyyəti qurumlar tərəfindən bağçaya baxış keçirilib, yaxın müddət ərzində yeni binanın tikilməsi nəzərdə tutulur”
Bağçanın vəziyyəti ilə bağlı Lənkəran - Astara Regional Təhsil İdarəsindən “Bakı-Xəbər”ə bildirildi ki, müvafiq qurumlar tərəfindən bağçaya baxış keçirilib, yeni binanın tikilməsi nəzərdə tutulub: “Bağça 1960-cı ildə istifadəyə verilib. Bu müddət ərzində bağçada təmir işləri aparılmayıb. Məlumat üçün bildirək ki, bağça bir qrupluqdur, burada 18 uşaq təhsil alır. Aidiyyəti qurumlar tərəfindən bağçaya baxış keçirilib, yaxın müddət ərzində yeni binanın tikilməsi nəzərdə tutulur”.
Nizami Hüseynov: “Ucqar ərazilərdə olan bəzi təhsil müəssisələrinin vəziyyəti ürəkaçan deyil”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ucqar ərazilərdə olan bəzi təhsil müəssisələrinin vəziyyəti ürəkaçan deyil: “Lənkəran Liman şəhərində olan məlum bağça bir əsr əvvəl istifadəyə verilib. Ancaq bu illər ərzində həmin bağçada təmir işi bir dəfə də olsa aparılmayıb. Aidiyyəti qurumlar bağçaların, təhsil müəssisələrinin vəziyyəti ilə daim maraqlanmalıdır. Təmirə ehtiyacı olan bağçalar nəzarətə götürülməlidir. Bu işə səhlənkar yanaşmaq olmaz”.
Günel CƏLİLOVA