Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçıdır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən il iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz azalıb.
Qeyd edək ki, 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həm yaşa görə, həm də əlilliyə görə yeni təyin edilmiş pensiya işlərinin sayının kəskin azalmasının qarşısının alınması məqsədilə 2019-cu ilin yanvar ayından "Əmək pensiyaları haqqında" qanuna "Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri" adlı maddə əlavə edilib. Bu maddəyə əsasən 2019-cu il 1 yanvar tarixindən başlayaraq şəxsə əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiyası növündə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, əlilliyə görə əmək pensiyası növündə isə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır.
Görülən işlərə baxmayaraq, pensiyaçıların sayı azalmaqda davam edir. Maraqlıdır, pensiyaçıların sayı niyə azalır?
“Pensiyaçıların sayının azalmasının əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır”
Iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azalmanın əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır: "Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".
İqtisadçının sözlərinə görə, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxarıb.
Günel CƏLİLOVA