Bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı tez-tez mübahisələr yaranır. Ölkədə bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərin sakinlərinə müraciət edərək, onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Bələdiyyələrin məlum tələbi sakinlərin narazılığına səbəb olur.
Bu sahədə yaranmış əsas problem bələdiyyələrin sənədsiz evlərə də vergi tələb etməsi ilə bağlıdır. Vəziyyət elə gətirib ki, əksər hallarda sənədi olmayan sakinlər də bələdiyyələrə torpaq və əmlak vergisini ödəmək məcburiyyətində qalırlar. Əks halda, sakinlər müxtəlif məhdudiyyətlərlə üz-üzə qalırlar. Məsələn, ərazi icra nümayəndəliyindən yaşayış yeri barədə arayış alan sakinə torpaq və əmlak vergisi ödəmədiyi halda arayış verilmir. Bu hallara paytaxtın müxtəlif rayonlarında, demək olar ki, tez-tez rast gəlinir. Sakinlər ödədikləri vergi müqabilində bələdiyyələrdən hesabat tələb etdikdə isə bələdiyyələr müxtəlif bəhanələrlə sakinləri vergi ödəməyə məcbur edir. Danılmaz faktdır ki, bu gün əksər bələdiyyələr əhaliyə torpaq və əmlak vergisi ödəməyən sakinlərə "kupça" verilməyəcəyi barədə hədə-qorxu da gəlir.
“Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bələdiyyələr yalnız dövlət qeydiyyatına alınmış əmlakdan vergi tələb edə bilər: "Bu gün bələdiyyələrin ərazisində xeyli sayda dövlət qeydiyyatına alınmamış əmlak var. Çox təəssüf ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış tikililərdən də müxtəlif yollarla əmlak vergisi tələb edirlər. Əmlak sahəsinə görə vergiyə cəlb olunur. Qeydiyyatı olmayan əmlakın sahəsinin nə qədər olması mübahisəli olduğundan və qeydiyyatı olmadığından hüquqi baxımdan vergiyə cəlb olunması qeyri-mümkündür. Bələdiyyələrin müxtəlif vasitələrdən istifadə edərək belə evlərdən vergi yığması qanunsuzdur. Onu da deyim ki, vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir”.
Günel CƏLİLOVA