Qədim zamanlardan çörək ən təməl qida hesab olunur. Çörəyin kökü buğdadan gəlir. Buğda üyüdülərək un əldə edilir, ardınca həmin undan çörək hazırlanır. Buğdadan alınan un da müxtəlif üsullarla arıtlanıb, ağ çörək, tam buğdalı çörək, kəpəkli çörək hazırlamaq üçün istifadə olunur. Bundan başqa, qarğıdalı və çovdar kimi dənli bitkilərin də unundan növbənöv çörəklər bişirilir.
Bir zamanlar cəmiyyətdə doğru bilinən yanlış düşüncə formalaşmışdı ki, guya çörək insanı kökəldən başlıca qidadır. Daha sonra onun orqanizmə olan faydaları və zəruriliyi nəzərə alınaraq, belə fikirlər bir qədər arxa plana keçdi. Lakin hələ də pəhriz saxlayan zaman ilk olaraq çörək yeməkdən imtina edənlər mövcuddur. İndi marketlərdə pəhriz saxlayanlar üçün müxtəlif növ unlardan xüsusi olaraq hazırlanmış azkalorili çörəklər piştaxtaları bəzəməkdədir.
Ancaq son zamanlar marketlərdə yararsız hala düşmüş çörəklərin satışı ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Şikayətçilər qeyd edir ki, qara çörəklər günlərlə rəfdə qalır, nəticədə qəribə dad verir. Bu hal isə həmin çörəyin keyfiyyətsiz olmasından xəbər verir.
Maraqlıdır, pəhriz adı ilə satılan qara çörəklərin keyfiyyətinə necə nəzarət olunur? Ümumiyyətlə, pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır?
“Çörəyin saxlanma müddəti 72 saatdır, tez sıradan çıxan çörəyin içərisində yapışqan parçalar əmələ gəlir, buna kartof xəstəliyi deyilir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çörəyin saxlanma müddəti 72 saatdır: “Tez sıradan çıxan çörəyin içərisində yapışqan parçalar əmələ gəlir, buna kartof xəstəliyi deyilir. Bu o deməkdir ki, dəyirman, avadanlıq və yaxud un artıq göbələklərlə xəstələnib. Bu cür çörək insanda ciddi mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər. Vaxtilə Azərbaycana Almaniyadan xəmir gəlirdi və “alman çörəyi” adı altında satışa çıxarılırdı. Bu çörəklərə bir il zəmanət təyin edilirdi. Biz onu dəyişdirməyə, bazardan çıxarmağa nail olduq, hazırda elə çörəklər, demək olar ki, yoxdur”.
Ekspert onu da əlavə etdi ki, istənilən mağazada yararlılıq müddəti keçən çörək aşkar olunarsa, onun rəhbərliyini 1000-1500 manat civarında cərimə gözləyir: “Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Belə halla rastlaşdıqları zaman “195” və yaxud “1003” Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”.
Günel CƏLİLOVA