Cənub mirvarisi Lənkəranda marşrut avtobusların;n xidməti sərnişinləri heç razı salmır. Çünki keçən əsrdən qalma bu minik vasitələri çox köhnə və yararsızdır. Həm də dəfələrlə təmir olunsalar da, müasir dövrün tələblərinə cavab vermirlər.
Rayon mərkəzindən kənd və qəsəbələrə ictimai nəqliyyatın işləməsi gözəl haldır. Əhaliyə göstərilən xidmətə gəldikdə isə? onun olmağı yalnız narahatlıq yaradır. Belə ki, istismar müddətini 30 il bundan əvvəl başa vurmuş avtobuslarda yol getmək adamın əsəblərini məhv edir. Bu səbəbdən rayonun yaşayış məntəqələrində əhali ictimai nəqliyyatla bir yerə gedib-gəlməkdə böyük problemlə üz-üzə durur. Fərdi taksiçiliklə məşğul olan sürücülər də yola çıxanda sərnişinə elə bir qiymət deyirlər ki, çoxunun onu verməyə gücü çatmır.
Demək olar ki, kənd və qəsəbələrə işləyən marşrut xətlərində müasir dövrün avtobusuna rast gəlməzsən. İllərdir vəziyyət bu cür davam edir. İşi yoluna qoymaq üçün əlaqədar təşkilatlar hələlik bu haqda düşünmək belə istəmirlər. Adəti üzrə yalan vədlər verməklə sadə camaatı aldatmağı bacarırlar. Dövlət tərəfindən şəhərlər, rayonlar abadlaşır, yeni yollar çəkilir, yaraşıqlı binalar ucalır, infrastruktur yaradılır. Qazanılın uğurların sayı bilinmir. Görülən bütün bunlar insanların maddi rifah halını yüksəldir. Lənkəranda isə vəzifə tutam məmurlar köhnə avtobusları yenilənməyə belə təşəbbüs göstərmir.
Rayonda köhnə avtobusların fəaliyyətindən razı qalan yoxdur. Hirkan qəsəbə sakini Elşad Həsənov deyir: - Mənim indi 61 yaşım vardır. Gözümü açanı bu avtobusları yollarda görmüşəm. İllərdir istismarını başa vuran avtobusun qapısından içəri girındə adam mənzilbaşına vaxtında çatmağına inanmır. Yayın qızmar istisində, qışın soyuğunda onlarla yol getmək daha çətin olur. Qəsəbədən şəhərə hər gün iş və təhsil üçün gedənlər çoxdur. Ümumiyyətlə, indiki inkişaf dövründə sovetdən qalma köhnə avtobuslar əhalinin tələbatını ödəmir. Hələ onların tez-tez xarab olmasını, saatlarla adamların yarı yolda qalmasını demirəm. Təəssüf ki, Lənkəran camaatının problemlə bağlı narahatlığı aidiyyəti qurumları zərrə qədərə düşündürmür. Məhz bu səbəbdən də ölkə rəhbəri işə qarışmasa lənkəranlıların köhnə avtobuslardan yaxa qurtarması qeyri-mümkündür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü