Nazirlər Kabineti "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə biləcəklər.
Bu qərar binaların idarə edilməsində nəyi dəyişəcək?
Elxan Orucov: “Rəsmi kirayə müqaviləsi olmayanların imzaları qanuni hesab edilə bilməz”
Binaların idarəedilməsi məsələləri üzrə ekspert Elxan Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, rəsmi kirayə müqaviləsi olmayanların imzaları qanuni hesab edilə bilməz. Bunun üçün mülkiyyətçi ilə kirayəçi arasında kirayə müqaviləsi bağlanmalıdır: “Kirayə müqaviləsinin surəti təqdim edilməlidir ki, həqiqətən də təsdiqini tapsın bu şəxs bu mənzildə rəsmi kirayəçidir və binanın idarə olunması ilə bağlı səsvermədə iştirak edə bilər”.
Ancaq ekspert hesab edir ki, bu qərardan sonra yenə aləm dəyəcək bir-birinə: “Yəni MTK-lar qeyri-qanuni kimə gəldi imza atdıraraq öz işlərini görəcəklər”.
Əkrəm Həsənov: “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir”
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçılar arasında bölüşdürmək deyil: "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri var. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar.
Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ olan şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir".
Günel CƏLİLOVA