Dərslərin başlanmasına bir aydan da az vaxt qaldığından, məktəbli formaları ilə bağlı müzakirələr aktuallaşıb. Valideynlər 38-40 dərəcə istidə mağaza- mağaza gəzib münasib qiymətə keyfiyyətli forma axtarır, məktəb direktorları isə onlara forma alacaqları ünvanı diqtə edirlər.
Yeni məktəbli formaları artıq satışdadır və qiymətləri də ictimaiyyətə açıqlanıb. Köynəklər 14, şalvar və yubkalar 25 manatdır. Ancaq paltarların qiyməti bütün yaş qrupları üçün eynidir. I sinif və XI sinfin ölçülərinin fərqli olmasına rəğmən bütün siniflər üçün eyni qiymət nəzərdə tutulub. Bu da valideynlər tərəfindən olduqca narazılıqla qarşılanır.
“Material az istifadə olunursa, bu hal qiymətə də təsir etməli idi, ancaq bizdə geyimi standart müəyyən etdikləri kimi qiyməti də stanhdart təyin edirlər”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vahid formanın olması yaxşı haldır, çünki məktəblini məsuliyyətli davranmağa sövq edir. Vahid formanın tətbiqində təhsil komponenti daha önəmli olmalıdır. Şagird formanı geyinəndə əziyyət çəkməməli, şərəf duymalıdır: “Məktəbli formasının hansı rəngdə, parçada olmasından daha çox mənəvi dəyərini qiymətləndirməliyik. Ancaq bu gün mənəvi tərəf deyil, yalnız biznes haqqında düşünülür. Qiymətin baha olması, üç ildən bir dəyişdirilməsinin məqsədi gəlir əldə etməkdir. Bir forma olar, o geyim də ömürlük istifadə edilər. 3 övladını məktəbə göndərməli olan valideyn böyük övladının kiçilən formasını kiçik övladına geyindirməklə ailə büdcəsinə qənaət etmiş olurdu. Ancaq indi bu mümkün olmayacaq. Üstəlik, yaşından, sinfindən asılı olmayaraq bütün geyimlər eyni qiymətə satılır. 9 yaşlı uşağın ölçüsü 14 yaşlı məktəbli ilə bir olmur. Belə olan halda parça da az istifadə olunur. Material az istifadə olunursa, bu hal qiymətə də təsir etməli idi. Ancaq bizdə geyimi standart müəyyən etdikləri kimi qiyməti də stanhdart təyin edirlər. Bu isə düzgün deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hər valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək övladının geyimini istədiyi yerdə tikdirə bilər: “Amma formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə. Yəni hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilər. Bu, qanunla qadağan olunmayıb. Əgər valideynlərə tikiş evləri tərəfindən təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər”.
Günel CƏLİLOVA