Masazır qəsəbəsi “tovuzlular məhəlləsi” adlanan ərazinin sakinləri uzun zamandır davam edən kanalizasiya problemindən şikayətçidir. Ətrafdakı evlərin kanalizasiya sularının axdığı ərazidə göl yaranıb. Üstü açıq qalan kanalizasiya suları ətrafın pis vəziyyətə düşməsinə səbəb olub. Dolub-daşan kanalizasiyanın yaşayış evlərinin yaxınlığında yerləşməsi, üstəlik, məişət tullantılarının da ətrafa atılması acınacaqlı mənzərəyə səbəb olub.
Sakinlər qeyd edir ki, hazırda yay fəsli olduğu üçün həmin sulardan qalxan üfunət iyindən həm nəfəs almaq, həm də həmin küçələrdən keçmək mümkünsüzə çevrilib. Payız və qış aylarında isə vəziyyət daha acınacaqlı olur. Burada real antisanitariya vəziyyəti yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Məsələ nəzəratə alınıb”
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Bakı-Xəbər”ə bildirildi ki, məsələ nəzəratə alınıb və araşdırılacaq.
Elxan Əliyev: “Hər il su və kanalizasiya sistemlərinin qurulması ilə bağlı milyonlarla vəsait ayrılır, ancaq…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir icra hakimiyyəti tabeliyindəki qəsəbənin, kəndin sosial problemlərini həll etməyə borcludur. İcra qurumu bunu həll edə bilmirsə, o zaman müvafiq qurumlar qarşısında məsələ qaldırmalıdır: “Nəzərə almaq lazımdır ki, “Yerli icra hakimiyyətləri” haqqında əsasnaməyə görə, qurum ərazidə olan avtomobil yollarının təmirinə, yaşıllaşdırmaya, təmizlik və işıqlandırmaya, eyni zamanda, qəsəbədəki küçələrin ünvanlanması məsələsinə cavabdehlik daşıyır. Qurum borcludur ki, infrastrukturun qurulmasında birbaşa iştirak etsin. Hər il su və kanalizasiya sistemlərinin qurulması ilə bağlı milyonlarla vəsait ayrılır. Ancaq görünən odur ki, bu sahədə ciddi korrupsiya halları var”.
Ekspert onu da əlavə etdi ki, çirkab suların yaşayış evlərinə yaxın ərazidən axması antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir: “Belə olan halda, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına səbəb olur”.
Günel CƏLİLOVA