Son zamanlar tələbələrin geyimi ilə bağlı narazılıqlar yaşanır. Tələbələrin açıq-saçıq geyimdə dərsə gəlməsi və ya çəkələklə ali məktəbə daxil olması narazılıqla qarşılanır. Bu tip şikayətlər zamanla gündəmə gəlib.
Ekspertlər bildirir ki, tələbələrin geyimləri mentalitetə uyğun olarsa, tənqid obyektinə də çevrilməyəcək. Bu səbəbdən tələbələr üçün də vahid geyimin olması təklif edilib.
Bu günlərdə Azərbaycan Neft və Sənaye Universitetinin tələbələrinin sosial platformalarda yazdıqlarına görə, universitetdə tələbələrə geyim tərzi ilə bağlı xəbərdarlıqlar olunur, müəyyən məhdudiyyətlər qoyulur. Ancaq onu da qeyd edək ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrinin heç birində forma və ya dress-kod tətbiq olunmur. Maraqlıdır, belə bir qayda olmadığı halda ali təhsil müəssisələrinin tələbələrin geyim tərzinə müdaxilə etməyə haqqı var?
“Ali məktəblərdə geyimlə bağlı qadağaların olması yanlışdır, insan hüquqlarının pozulması deməkdir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, universitetlərdə tələbələrin geyimləri ilə bağlı ümumi qayda-qanun qəbul etmək düzgün deyil: “Hər bir şəxs – tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Bilirsiniz, orta məktəblərdə xüsusi geyim forması var və bu çox gözəldir. Ali məktəblərdə isə bu sərbəstdir və qadağaların olması yanlışdır, insan hüquqlarının pozulması deməkdir. Amma hər kəs bilməlidir ki, hər bir yerin öz geyimləri var. Bəzən görürsən, universitetlərə tələbə elə bir formada gəlib ki... Məsələn, bu hansısa gecə, ziyafət, yığıncaq geyimi ola bilir. Hər kəs azaddır, amma bu o demək deyil ki, sən ali məktəbə istədiyin formada gələ bilərsən”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bir çox inkişaf etmiş ölkələrdə belə bir təcrübə var ki, tətbiq edilən qaydalar yalnız bir təhsil ocağında olmur. Ya təhsil ocaqlarının hamısında müvafiq bir geyim olur, ya da müəssisələr özünə xas geyim forması seçirlər: “Məsələn, bir təhsil ocağında 20 min tələbə oxuyursa, onların hər biri eyni tərzdə geyinir. Xaricdə ali təhsil ocaqlarının çoxunun özünə xas geyim forması var. Məsələn, Harvard Universiteti qərar verir ki, tələbələrin hamısı qara şalvar, ağ köynək geyinsinlər. Eyni zamanda, Oksford Universiteti belə bir qərar qəbul edir ki. buradakı tələbələr göy köynək, yaşıl şalvar geyinsinlər. Bu qərarlar universitetin bütün tələbələrinə şamil olur və hər kəs vahid formada dərslərə gəlir. Ancaq ümumilikdə əgər təcrübədə və təhsildə belə bir qanun yoxdursa, bunu tətbiq etmək doğru yanaşma deyil”.
Günel CƏLİLOVA