Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə Prezidentinin sərəncam və fərmanları əsasında geniş tədbirlər həyata keçirilməkdə davam edir. Bu günlərdə "Təhsil haqqında" Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifə və səlahiyyətləri müəyyənləşib.
Maraqldıır, Elm və Təhsil Nazirliyinin yeni agentlikləri nəyə xidmət edəcək? Yeni yaradılan agentliklər elm və təhsil sahəsinə nə kimi töhfə verəcək?
“Dəyişikliklərdən biri müəllimlərin sertifikatlaşdırılması prosesinə dair idi, ölkəmizdə artıq ikinci ildir keçirilən sertifikatlaşdırma bu baxımdan mühüm əhəmiyyətə malikdir”
Təhsil eksperti Adil Vəliyev hesab edir ki, imzalanan mühüm sərəncam, qanun və fərmanlar sayəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əskini tapan elm və təhsil sahəsində strateji hədəflərə çatmaq baxımından xeyli irəliləyişlərə səbəb olacaq: “Dəyişikliklərdən biri müəllimlərin sertifikatlaşdırılması prosesinə dair idi. Ölkəmizdə artıq ikinci ildir keçirilən sertifikatlaşdırma bu baxımdan mühüm əhəmiyyətə malikdir. Yeni dəyişikliklərə əsasən, müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmadan keçə biləcəklər. Bu müddət əvvəlki qanunvericiliyə əsasən isə 5 il idi. Əlbəttə ki, bununla da daha çox sayda müəllim sertifikatlaşdırma prosesinin maddi stimullaşma imkanı və karyera inkişafına töhfəsindən yararlana biləcək. Məktəbəqədər təhsil müəssisələrində işləyənlərin də ilk dəfə olaraq sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu həm də məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına əsaslı təsir edəcək. Əlavə olaraq, yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllülüyü qəbul edildi. Bu müəllimlər özünüqiymətləndirmək və əməkhaqqı artımından yararlanmaq məqsədilə sertifikatlaşdırmada iştirak edə biləcəklər”.
Günel CƏLİLOVA