Bu gün Azərbaycanda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli, rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdəndir.
Məlumdur ki, turizm şirkətləri rayonlara müxtəlif turlar təklif edirlər. Bu səfərlərdə yerli insanlarla yanaşı, əcnəbilər də fəal iştirak edir. Əcnəbilər ölkənin infrastrukturundan, təbiət və havasından razı qalır. Onların narazı qaldığı məqamlardan biri internet problemidir. Xüsusilə meşə massivlərində, dağlıq zonalarında yerləşən turizm obyektlərində bu problem daha da qabarıqdır. Bu isə öz növbəsində turistlər arasında bir çox hallarda ciddi narazılığa səbəb olur.
“İnternet təminatı regionlar üçün səciyyəvi problem olduğuna görə, provayderlər qiymətindən asılı olmayaraq yüksək sürətli internet təqdim etmirlər”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəyə gələn turistlər bölgələrə deyil, daha çox Bakıda istirahət etməyə üstünlük verir. Bunun səbəblərindən biri də elə internetdir: “Məlumdur ki, dağlıq ərazilərdə, kənd yerlərində, elə rayonlarda olan turizm obyektlərində internet problem yaşanır. Təbii ki, bu hal istirahət etmək istəyən şəxsin narazılığına səbəb olur. Hansısa gözəl məkanda çəkil çəkdirən turist dərhal həmin fotonu öz hesabında paylaşmaq istəyir. Ancaq internet problem olduğu üçün bunu edə bilmir. Belə olan halda əcnəbi turist bir də həmin yerlərə getməyəcək. Region turizm obyektlərində internetin olmaması turistlərin sayına təsir edir”.
Ekspert hesab edir ki, internetin ictimai məkanlarda, nəqliyyatda, çimərliklərdə, turizm və sağlamlıq mərkəzlərində keyfiyyətinin artırılması ilə aidiyyəti qurumlar məşğul olmalıdır. Nəzərə almaq lazımdır ki, bu problemin olmaması ölkəyə gələcək turistlərin sayına təsir edəcək. Ümumiyyətlə, internet təminatı regionlar üçün səciyyəvi problem olduğuna görə provayderlər, qiymətindən asılı olmayaraq, yüksək sürətli internet təqdim etmirlər. Bu da texniki proses olduğu üçün turistlərə yüklənmənin yüksək olması ilə izah edilir”.
Günel CƏLİLOVA