Astara rayonunda gənclərin Vətən sevgisi həmişə nümunə göstərilib. Bu baxımdan Qarabağ döyüşlərində də astaralıların göstərdiyi şücaət tarixə yazıldı. Rayon sakinləri öz qeyrətli Vətənsevər oğulları ilə həmişə fəxr edir, onların şərəfinə müxtəlif tədbirlər təşkil etməklə, adlarını uca tuturlar.
Bu günlərdə isə Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev və Fəxrəddin Cəbrayılova həsr olunan “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib. Kitabxananın əməkdaşları, eləcə Astara şəhər 3 saylı orta məktəbin müəllim və şagirdlərin qatıldığı tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlara gəldikdə isə milli qəhrəmanların həyatı və döyüş yolu haqqında geniş məlumat verilib. Şagirdlərin hazırladığı təqdimatlar, şerlər də böyük maraqla dinlənilib.
Yekunda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü