Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin qeyrətli oğullardan biri də Əli Mehdizadədir. Cənub mirvarisi Lənkəranda dünyaya göz açan bu, ölməz hünər sahibi yaşasaydı ömrünün 22-ci ilini yola salardı. Əlinin həyat yolu qısa olsa da, canından artıq sevdiyi Azərbaycana olan tükənməz məhəbbəti ona əbədiyaşarlıq gətirdi. Şəhid Vətən sevdalımızın doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəhrəmanımız haqqında söz deyən ziyarətçilər bildiriblər ki, Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Bizim Əlidə belə. Qanı ilə torpağı Vətən edən Əli milyonların ürəyində özünə əbədi yurd yuva qurubdur.
Əli Mehdizadə Lənkəran şəhər 1 saylı tam orta məktəbini bitirdikdən sonra yağı düşməndən qisas almaq məqsədilə hərbi xidmətə yollanır. Gənc əsgər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində erməni dığalarla birinci gündən ölümün gözünə dik baxmaqla ölüm-dirim savaşına atılır. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən ağır müharibələrdə dəfələrlə zəfər qazanır. Azərbaycana məxsus torpaqlarda hər dəfə qələbə bayrağımız dalğalananda Vətən Əli üçün daha da müqəddəsləşir.
Qələbəyə böyük inamla yağıya qan qusduran Əli Məcid oğlu Cəbrayıl istiqamətində gedən döyüşdə çiynindən qəlpə yarası alıb və hospitala göndərilir. Müalicəsi bitdikdən sonra yenidən müharibə meydanına yollanır. Daşaltı kəndi istiqamətində 1553 metr yüksəklikdə düşmənə sarsıdıcı zərbələrə vurmaqla xüsusi qəhrəmanlıq göstərir. 1 noyabr tarixində səhər saatlarında qəfil atılan yağı güləsi Əlinin qönçə ömrünə nöqtə qoyur.
Lənkəran elinin igid oğlu Əli Mehdizadə ölümündən sonra “Şücaətə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Xocavəndin, Kəlbəcərin azadlığına görə medallarına və “Rəşadət” ordeninə layiq görülüb.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü