Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metrodur. Lakin gedəcəyimiz ünvana tələsiriksə, ilk ağlımıza gələn taksi olur. Yəni işi sərnişini ünvana təcili çatdırmaqdı.
Son zamanlar taksi sürücüləri ilə bağlı maraqlı hal müşahidə olunur. Belə ki, taksi sürücülərinin demək olar ki, əksəriyyəti saqqallıdır. Bu hal daha çox “Bolt”, “Uber” və “Yango” şirkətlərinə məxsus taksilərdə qeyd alınır. Maraqlıdır, bu taksi şirkətlərinin sürücüləri niyə saqqallı olmağa üstünlük verir? Bu tərz özünə baxmamaq və ya hansısa təriqətə bağlılığın əlaməti ola bilərmi?
“Taksi sürücüləri arasında hansısa təriqətə qulluq edənlər də var, həmin sürücülər İranyönümlü təbliğatla məşğuldurlar”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əksər taksi sürücülərinin geyim tərzi və saç düzümü xoşagələn deyil: “Bəli, bəzi taksi şirkətlərinin sürücüləri saqqallı olur. Bunu istənilən şəxs müşahidə edə bilər. Elə sürücü var saqqalı tərz olaraq saxlayır. Bəziləri isə özünə baxmadığı üçün bu formada minik vasitəsini idarə edirlər. Təbii ki, bu hal sərnişinlərə xoş təsir bağışlamır. Məlumat üçün qeyd edim ki, bir sıra Avropa ölkələrində taksi sürücüləri ilə bağlı normativ tələblər var. Həmin ölkələrdə taksi sürücülərinin vahid geymi və səliqəli saç düzümü olmalıdır. Ancaq bizdə kim necə istəyir elə də taksi sürür. Hətta elə taksi sürücüləri var ki, yay fəslində ayaqqabı deyil, çəkələk geyir. Halbuki, qanunvericiliyə görə sürücü yalnız ayaqqabı ilə nəqliyyat vasitəsini idarə etməlidir”.
Həmsöhbətimiz hesab edir ki, taksi sürücüləri arasında hansısa təriqətə qulluq edənlər də var. Bu danılmaz faktdır: “Həmin sürücülər İranyönümlü təbliğatla məşğuldurlar. Sərnişinlərə öz inanclarını, mənsub olduqları əqidəni təbliğ edirlər. Taksi sürücləri arasında narkomaniyaya meylli, radikal dini fikirli şəxslər çoxdur. Yaxşı olar ki, taksi sürücüləri işə götürülərkən ələkdən keçirilsin və onların tibbi, psixoloji, narkoloji, eləcə də əqidə müayinələri aparılsın”
Günel CƏLİLOVA