III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə, 328 yer azalıb.
Sosial şəbəkə istifadəçiləri düşünür ki, III qrupda dövlət yerlərinin azaldılması sosial təminatı zəif olan şəxslərin hüquq və digər çox bal tələb edilən ixtisaslara qəbulunu çətinləşdirəcək.
“Bir çox hallarda, sosial təminatı zəif olanlar, imtiyazlı ailələrin övladları, valideynini itirənlər, şəhid ailələri və s. ödənişli ixtisaslarda oxumalarına baxmayaraq, bir sıra güzəştlərdən istifadə edə bilirlər”
Mövzu ilə bağlı fikir bildirən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünyanın bir çox universitetlərində ödənişli ixtisaslara ayrılan yerlər çoxluq təşkil edir: “Lakin dövlət yerlərinin azalmasının sosial təminatı zəif olan şəxslərə hansısa problem yaradacağını düşünmürəm. Bir çox hallarda, sosial təminatı zəif olanlar, imtiyazlı ailələrin övladları, valideynini itirənlər, şəhid ailələri və s. ödənişli ixtisaslarda oxumalarına baxmayaraq, bir sıra güzəştlərdən istifadə edə bilirlər. Gəlin etiraf edək ki, birinci Qarabağ savaşından sonra qaçqın ailələrinin övladları ixtisas seçimi edərkən elə ilk yerləri ödənişli ixtisaslar olaraq seçirdilər, çünki ödənişdən azad olacaqlarını bilirdilər.
Ümumiyyətlə, bu kəmiyyət göstəriciləri, yerlərin artırılması, azalması məni düşündürən məsələ deyil. Bu il ölkədə ilk dəfə olaraq irimiqyaslı qəbul olacağı gözlənilir. Əvvəllər 300 baldan aşağı toplayan abituriyentlər qəbuldan kənarda qalırdı, indi isə 150 bal toplayanlar da qəbul olur. Bu halların keyfiyyətə nə kimi təsiri var, məni düşündürən məsələ keyfiyyətdir, keyfiyyətli təhsil”.
Günel CƏLİLOVA