Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb. Trend xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.
TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Mütəllimov sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi də bilinib. Trend-in məlumatına görə, ölən şəxs Ruslan Məmmədovdur. Mərhumun Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu olduğu bildirilir.
Nicatın qolu amputasiya olunub. Hələ ki, reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”