İkinci Qarabağ müharibəsində haqq mübarizəmizdə doğma Azərbaycanın hər qarış torpağı naminə vuruşub canını fəda edən igidlərdən biri də Ayxan Fariz oğlu Qurbanzadədir. Qəhrəmanlıq göstərərək adını yeni tariximizə yazan bu Vətən sevdalısı 1998-ci ildə Lənkəran rayonu, Şağlakücə kəndində dünyaya göz açmışdı.
Ayxan Füzulinin azad edilməsi uğrunda xüsusi şücaət göstərməklə erməni dığalarına qan qusdurub. Düşmənin kabusuna çevrilərək onun çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Hünəri dillərdə dastan olan Ayxan Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yağı tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olaraq əbədiyyətə qovuşub.
Ölməz qəhrəmanımız düz üç ildir ki, 22 yaşında qalmaqla milyonların ürəyində yaşayır. Dövlət isə onu Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, eləcə də Füzulinin azadlığı uğrunda medallara layiq görüb. Doğma kəndində xatirəsinə bulaq kompleksi inşa olunub. İndi camaatın ən çox ziyarət etdiyi müqəddəs yer buradır.
Bu günlərdə Vətən müharibəsi şəhidi Ayxan Qurbanzadənin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Çıxışlar zamanı isə qalib şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi hünərdən söhbət açıblar, onunla qurur duyduğunu deyiblər. Şəhidin ailəsi dövlət başçısına, xalqına minnətdarlıq etməklə bərabər bildiriblər ki, Ayxan Vətən uğrunda şəhid olub. O, təkcə bizim ailənin yox, bütün şanlı Azərbaycanın fəxridir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü