Karqo xidməti göstərən firmalar, iri şirkətlər vətəndaşların istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilmələri üçün ən rahat və güzəştli vaistə sayılır. Lakin bəzi hallarda karqo firmaları tərəfindən aldadılma, gecikdirilmə problemləri də olur.
Bəzi karqo şirkətlərinin əlavə qazanc əldə etmək məqsədilə məhsulun çəkisini süni şəkildə artırdıqlarına dair sosial şəbəkələrdə məlumat yayılıb. İddia olunur ki, bunun üçün xaricdən gətirilən məhsul ya bir neçə paketə bükülür, ya da içərisinə kağızlar qoyulur.
“İstehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları da var, bunun üçün şirkətlər məhsulu bir neçə paketə bükür”
Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son dövrlərdə karqo şirkətlərinin də sayı artıb: “Şikayətlərin əsas məğzi məhsulun gətirilməməsi, itirilməsi, istehlakçının müraciətinə baxılmaması, müqavilə bağladığı və yükünü daşıdığı şirkətlə müştərinin əlaqələndirilməməsi və ya məhsula zərər vurulması ilə bağlı olur. O cümlədən, istehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları da var. Bunun üçün şirkətlər məhsulu bir neçə paketə bükürlər. Hesab edirəm ki, bu yolverilməzdir. Getdikcə onlayn ticarət klassik ticarəti üstələyir. Bu sahədə ciddi rəqabət var”.
Ekspertin sözlərinə görə, elektron ticarətin əhatə dairəsi gündən-günə böyüyür. Bazarda hazırda onlarla yerli karqo şirkəti fəaliyyət göstərir. Bu sahədə ciddi rəqabət var: “Bu səbəbdən də karqo şirkətləri müştərini məmnun etməyə çalışmalıdır. Məlum məsələ ilə bağlı qaydalar da müəyyən edilməlidir. Bu sahəyə ciddi nəzarət olmalıdır. Şirkətlər insanlardan istədikləri kimi xərclər tuta bilməməlidirlər. Xidmətin dəyərindən artıq pul tutmaq olmaz”.
Ekspert onu da əlavə etdi ki, hüquqlarının pozulduğunu düşünən istehlakçılar İqtisadiyyat Nazirliyinə müraciət edə bilər: “Onlayn sifarişlərdə gecikmə, müqavilə şərtlərinin pozulması və s problemlər zamanı müvafiq quruma şikayətini bildirə bilər. İlk olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilməlidir. Əgər burda da inzibati orqan müəyyən mərhələyə qədər gəlibsə və problem qalıbsa, o halda mübahisəli vəziyyət yaranır. İstehlakçı bu zaman məhkəməyə müraciət edə bilər”.
Günel CƏLİLOVA