Abituriyentlərin ixtisas seçimlərinə sayılı günlər qalıb. Bir çox ali məktəblərdə qəbul planında yerlər artırılıb. İddia olunur ki, 10 minə qədər plan yeri boş qalacaq. Bunu abituriyentlərin ballarının aşağı olması ilə əlaqələndirirlər.
Onu da qeyd edək ki, qüvvədə olan qəbul qaydalarına görə, ümumi balı 150 - dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər. Belə olan halda, ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq. Xüsusilə 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq.
Bəs görəsən, plan yerlərinin boş qalmasının səbəbləri nədir?
“Bəzi ixtisaslarda 200-250 balı keçid balı olaraq müəyyən etsək, bu, 5 ballıq qiymətləndirmə şkalasında “2-3” alan şagirdə bərabərdir”
Təhsil eksperti İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, plan yerləri barədə yekun qərarı Nazirlər Kabineti verir. Plan yerləri boş qalanda, təbii ki, qəbul prosesində ballarda müəyyən qədər enmə müşahidə olunur: “Bununla bağlı müvafiq dövlət qurumları var. Həmçinin Dövlət İmtahan Mərkəzi bu prosesi tənzimləyir. İnanmıram ki, 10 minə yaxın plan yeri boş qalsın. Bu rəqəmi səsləndirmək də kifayət qədər məsuliyyət tələb edir. Amma bütünlükdə, plan yerlərində boşqalmalar olacaqsa, qəbul balları da düşəcək. Bu hər zaman belə olub.
Ümumiyyətlə, əsas məqsədimiz savadlı gəncləri universitetə cəlb etmək olmalıdır. Balları aşağı salıb, bəzi ixtisaslarda 200-250 balı keçid balı olaraq müəyyən etsək, bu, 5 ballıq qiymətləndirmə şkalasında “2-3” alan şagirdə bərabərdir. Təsəvvür edin ki, bir nəfər “2” qiyməti alaraq universitetə qəbul olunub. Əlbəttə ki, bu, keyfiyyətin aşağı düşməsi deməkdir. Amma biz gənclərimizin universitetə daxil olma imkanlarından, təhsilin əlçatanlığından danışırıqsa, burada bir qəbahət yoxdur. O da ola bilər ki, aşağı nəticələrlə ali təhsil müəssisəsinə qəbul olunan abituriyent təhsil aldığı müddətdə yüksək nəticələr göstərsin. Bu halların da şahidi oluruq”.
Günel CƏLİLOVA