Şadlıq saraylarında artıq əvvəlki qədər toy keçirilmir. Toylarda isə qonaq sayı azdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin araşdırmasına əsasən, 2023-cü ilin iyul ayında şadlıq saraylarında sifarişlərin sayı 10.7 faiz azalıb. Azalma iyul ayının ikinci yarısında Məhərrəmlik ayının başlaması ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında iyul ayında qiymətlər də 5.2% artıb. Xüsusən də 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.3%. Qiyməti 40-80 manat olan menyular 5.6% yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində isə 4.1% artım qeydə alınıb.
Toylar azaldığı halda qiymət artımı necə baş verə bilər?
Toyların azalması menyu qiymətinə təsir etməyib, qiymət dəyişikliyi rəqabətin yaranmasına səbəb ola bilər"
Iqtisadçı ekspert Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, toyların azalmasının bir neçə səbəbi var: “Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. “Qonşudan geri qalma” prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu. Toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur. Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək”.
İqtisadçı onu da əlavə etdi ki, toyların azalması menyu qiymətinə təsir etməyib. Qiymət dəyişikliyi rəqabətin yaranmasına səbəb ola bilər. Ancaq hazırkı vəziyyətdə restoranlar buna getməyə hazır deyil.
Günel CƏLİLOVA