Bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni "servis haqqı"nın tələb olunması hər kəsə məlumdur.
Belə ki, müştəri hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə sifariş etdiyi məhsulların ümumi məbləğinin 10%-i civarında servis haqqı tələb olunur. Bakıda yerləşən restoranlardan birində ümumi hesabın 25 faizinin "servis haqqı" olaraq hesablanması isə müzakirələrə səbəb olub. Vətəndaşlara görə, istehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsi yolverilməzdir və müştərinin servis haqqı ödəmək məcburiyyəti olmamalıdır. 25 faizlik servis haqqı isə heç cür qəbul oluna bilməz.
Xalid Kərimli: "Menyuda aydın tərzdə əvvəlcədən servis haqqının faizi qeyd olunmalıdır, yox əgər..."
İqxtisadçı Xalid Kərimli 'Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, restoran və iaşə obyektlərindəki menyular aydın və informativ şəkildə tərtib olunmalıdır: "Ölkədə fəaliyyət göstərən restoranlarda menyular çox bərbad şəkildə təqdim olunur. Restoranlar qiymətləri təyin etməkdə sərbəstdir. Müxtəlif yeməklər üçün fərqli qiymətlər nəzərdə tutulur. Yeməklər üçün qiymət təyin olunarkən menyuda onun çəkisi də qeyd edilməlidir. Burada isə vətəndaşın hüquqlarının pozulması məsələsinə gələrkən bir neçə nüans ortaya çıxır. Belə ki, məhsulun çəkisi haqqında məlumat verilmədən vətəndaşı aldatmaq, menyularda bu barədə məlumatın olmaması və s. durumlarla qarşılaşa bilirik. Restoran və iaşə obyektlərindəki menyular aydın və informativ şəkildə tərtib olunmalıdır. Digər məsələ bu cür servis haqlarının təyin edilməsindən ibarətdir. Menyuda aydın tərzdə əvvəlcədən servis haqqının faizi qeyd olunmalıdır. Bu zaman müştəri sifarişdən öncə bu qiymətləri nəzərə almalıdır. Yox, əgər əvvəlcədən məlumat verilmədən bu cür halla qarşılaşırsınızsa, siz rahatlıqla servis ödənişindən imtina edə bilərsiniz"
Orxan Səmədov: "Bu sahədəki nizamsızlıq turizmin inkişafına böyük zərbədir"
Marketoloq Orxan Səmədov da "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müştəri “servis haqqı”ndan imtina edə bilər: “Beynəlxalq təcrübədə də bu var. Təbii ki, müştəri buna öz etirazını bildirə bilər. Əgər restoran “servis haqqı” barədə menyuda qeyd edibsə, qiymətə daxil edilə bilər. Müştəri buna razı olduğu üçün qanunsuz heç nə yoxdur. Bu sahədəki nizamsızlıq turizmin inkişafına böyük zərbədir. Ən azından istehlakçı öncədən bilməlidir ki, nə qədər “servis haqqı” verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant istehlakçıya öncədən deməlidir”.
Günel CƏLİLOVA