Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələri dövlət qeydiyyat nişanı ilə təmin ediləcək və sürəti 50 km/saatdan çox olan mopedçilər sürücülük vəsiqəsi almalı olacaq.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib. Müraciətdə deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq".
Ekspertlər hesab edir ki, moped sürənlərdən sürücülük vəsiqəsinin tələb olunması düzgün addımdır. Onların fikrincə, son illər moped idarə edənlərin sayı artıb. Yol-qəza hadisələrinin artmasının səbəblərindən biri də moped sürücüləridir. Bu səbəbdən də qeyd edilən nəqliyyat vasitəsi üçün sürücülük vəsiqəsinin tələb olunması təqdir olunur.
"Moped idarə edənlərin sürücülük vəsiqəsi olarsa və minik vasitəsinin dövlət nömrə nişanı verilərsə o zamanlar onlar məsuliyyətlərini dərk edəcək"
Nəqliyyat eksperti Aslan Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi tələb olunması normaldır. Bu qaydanın tətbiq olunması gözlənilirdi. Çünki qeyd olunan nəqliyyat növü ilə baş verən qəza hadisələrinin sayı artırdı.
Ekspert hesab edir ki, bu düzgün qərardır: 'Bəllidir ki, bu gün moped sürücüləri heç bir məsuliyyət daşımırlar. Moped idarə edənlərin sürücülük vəsiqəsi olarsa və minik vasitəsinə dövlət nömrə nişanı verilərsə o zamanlar onlar məsuliyyətlərini dərk edəcək. Beləliklə, bu nəqliyyat vasitələrini idarə edənlər daha məsuliyyətli olacaq”
Günel CƏLİLOVA