Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə Prezidentinin sərəncam və fərmanları əsasında geniş tədbirlər həyata keçirilib.
Məlum olduğu kimi, bu günlərdə "Təhsil haqqında" Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifə və səlahiyyətləri müəyyənləşib.
Qeyd edək ki, çox vaxt Elm və Təhsil Nazirliyinin kifayət qədər əməkdaşının olmadığı və işləri çatdıra bilmədiklərini iddia edilib.
Maraqlıdır, Elm və Təhsil Nazirliyinin əməkdaşlarının yarısı qədər işçisi olacaq həmin qurumların yaradılması işləri asanlaşdıracaqmı? Ümumiyyətlə, bu qurumların yaranması elm və təhsil sahəsinin inkişafına hansı töhfələri verəcək?
İlqar Orucov: "Elm və Təhsil Nazirliyinin strukturunun artıq müəyyənləşdirilməsi və təsdiq olunması nazirliyin fəaliyyətinin daha effektiv qurulmasına gətirib çıxaracaq"
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, yeni qurumların yaradılması Elm və Təhsil Nazirliyinin idarəetməsində effektivliyi artıracaq: “Elm və Təhsil Nazirliyinin strukturunun artıq müəyyənləşdirilməsi və təsdiq olunması nazirliyin fəaliyyətinin daha effektiv qurulmasına gətirib çıxaracaq. Vəzifə bölgüləri də kifayət qədər aydınlaşdı. Hər agentliyin özü konkret olaraq öz səlahiyyətləri çərçivəsində dövlət siyasətinin həyata keçirilməsində, icrasında məsul olacaq və səlahiyyətlərin şaxələndirilməsi prosesi başlayacaq, bununla da daha effektiv idarəetmə təmin ediləcək. Hesab edirəm ki, bu, idarəetmədə effektivliyin daha düzgün təmin olunması ilə nəticələnəcək”.
İ.Orucov onu da əlavə etdi ki, Elm və Təhsil Nazirliyi kifayət qədər böyük səlahiyyətlərə malik, eyni zamanda, kifayət qədər böyük yükün daşıyıcısıdır. Təhsilin bütün sahələrini idarə edən, üstəgəl 1 il öncə cənab Prezidentin müvafiq fərmanı ilə elm və dövlətin elmi-texniki siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi müəyyənləşdirilib.
Fatma Yıldırım: "Agentlik elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirməyə xidmət edəcək"
Millət vəkili Fatma Yıldırım hesab edir, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılması mühüm addımdır: “Elm və təhsil sahəsində atılan bu addımları dəstəkləyirəm. İnanıram ki, bununla elm və təhsil sahəsində getdikcə çox mühüm naiıiyyətlər əldə edəcəyik. Agentlik elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirməyə xidmət edəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəticəsində elm və təhsilin inteqrasiyası daha da sürətlənəcək. Agentliyin yaradılması, xüsusilə də əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsinə və yeni ixtisasların yaranmasına zəmin yaradacaq".
Günel CƏLİLOVA