Bu ildən özəl xəstəxanalarda bir əməliyyat üçün 500 manatdan artıq ödənişlər nağdsız formada həyata keçirilir. Sözügedən qərar isə dövriyyələri şəffaflaşdırmaq üçün verilib.
Bu, Prezident İlham Əliyevin “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilməklə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul ediləcək.
Ekspertlər hesab edir ki, belə bir qaydanın tətbiq edilməsi nağdsız əməliyyatların həcminin artırılmasına səbəb olacaq.
"Özəl klinikalarda 500 manatdan artıq ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi gəlirlərə nəzarət baxımından mühüm addımdır"
Tibb üzrə ekspert Adil Qeybulla "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, özəl klinikalarda 500 manatdan artıq ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi gəlirlərə nəzarət baxımından mühüm addımdır: "Təəssüf ki, bəzən vətəndaşların özləri nağd şəkildə ödənişin həyata keçirilməsində maraqlı olur. Ancaq bu düzgün deyil".
Iqtisadçı Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq, nağd vəsaitlərin həcmi artıb: “Məlumdur ki, özəl xəstəxanalarda gəlir digər yerlərlə müqayisədə yüksəkdir. Bu səbəbdən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə 500 manatdan artıq olan ödəniş mütləq şəkildə nağdsız qaydada həyata keçirilməlidir. Bu qaydanın tətbiq edilməsində məqsəd nağdsız əməliyyatların həcminin artmasıdır. Qeyri-rəsmi dövriyyə nə qədər yüksək olarsa, dövlət büdcəsi itirir və dövlətin maliyyə dayanıqlığı baxımından ciddi təhlükə yaradır”.
Ekspert hesab edir ki, müasir dövlətin iqtisadiyyatında əsas əhəmiyyət verilməli olan sahələrdən biri də nağdsız dövriyyəni inkişaf etdirməkdir: “Nağdsız dövriyyə nə qədər inkişaf edərsə, ölkə, hökumət daha effektli iqtisadi siyasət, xüsusilə maliyyə və monetar siyasət həyata keçirə bilir”.
Günel CƏLİLOVA