Prezident İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.
"Ölkənin avtomobil parkı çox sürətlə köhnəlib, bu parkın yenilənməsi mütləqdir"
Utilizasiya fondunun əhəmiyyəti haqqında danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu gün istismar müddəti bitmiş və texniki parametrlərə uyğun olmayan avtomobillər istifadə olunur. Həmin minik vasitələri ekologiyaya, ətraf aləmə zərər yetirməklə yanaşı, sürücülərin həyatını da risqə atır: "Utilizasiya prosesinin daha şəffaf və ədalətli formada aparılması üçün bəzi proqramlar icra olunmalıdır. Həmin proqramların özəlliyi ən çox vətəndaşların uyğun avtomobillərlə təchiz olunmasıdır. Yəni minik avtomobili idarə edən həmin nəqliyyat vasitəsi ilə, avtobus sürən avtobusla, yük maşını sürücü isə yük maşını ilə təmin olunmalıdır. Utilizasiya bu qaydada aparılarsa bu sistem özünü doğrultmuş olar".
A.Əsədov hesab edir ki, Prezident İlham Əliyevin məlum məsələ ilə bağlı imzaladığı sərəncam bu sahəyə müsbət təsir edəcək. Utilizasiya proqramına bu gün həqiqətən də ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, bu proqram böyük iqtisadi, sosial layihədir. Bir günə tətbiq etmək mümkün deyil. Ölkənin avtomobil parkı çox sürətlə köhnəlib. Bu parkın yenilənməsi mütləqdir.
Ekspert onu da əlavə etdi ki, avtomobillərin utilizasiyası ilə bağlı yeni qaydalar bu sahədə qiymət dəyişikliyinə səbəb olacaq: "Utilizasiya haqqına hər hansı məbləğ əlavə edilənə qədər avtomobillərin rəsmiləşdirilməsində dövlət rüsumlarının təyinini nəzərə almaq lazımdır. Çünki MDB və digər qonşu ölkələrə nisbətən bizdə avtomobillərin idxalı zamanı rəsmiləşdirmə kifayət qədər fərqli qiymətədir. Ona görə eyni model avtomobillər digər ölkələrə nisbətən Azərbaycanda bahadır. Bu nöqteyi-nəzərdən daha çevik və müasir avtomobillərin ekoloji cəhətdən də gətirilmə mexanizmləri işlənilsə, istehlakçılar tərəfindən daha cəlbedici olar, nəinki qiymət artımına səbəb olacaq addımların atılması”.
Günel CƏLİLOVA