İyulun 25-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib. Bu əməliyyatların korrupsiya ilə bağlı olduğu məlumdur. İlk gün əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, sonradan əməliyyatın təfərrüatı ilə bağlı ətraflı məlumat verildi.
İyulun 26-da BNA-da keçirilən əməliyyatla bağlı növbəti xəbərlər yayıldı. Baş Prokurorluqdan bildirilib ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Ancaq yayılan rəsmi xəbərlərdən aydın olur ki, adı böyük maliyyə mənimsəmələrində daim hallanan BNA kimi bir qurumda cəmi 16 min 500 manatlıq korrupsiya faktının aşkar edilməsi bir qədər təəccüblü görünür. Çünki təkcə biz BNA-da baş verən total korrupsiya faktları ilə bağlı çoxsaylı nateriallar vermişik.
BNA-nın rəhbəri Vüsal Kərimli əməliyyatlar barədə açıqlama verib. Deyib ki, hazırda məzuniyyətdədir. Sitat:
“Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyəti qurum məlumat verəcək. Xeyr, mənimlə bağlı hələ ki problem yoxdur, dəvət olunmamışam”.
BNA-da mövcud olan bunca problemlərin fonunda tək şöbə müdirinin müavini və məsləhətçinin həbs olunması nə dərəcədə əsaslıdır?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BNA paytaxtın nəqliyyat sahəsində islahatların həyata keçirilməsinə dair əlavə tədbirlərin görülməsi məqsədilə ölkə Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb: “Dövlət başçısının 24 noyabr 2018-ci il Fərmanı ilə Publik Hüquqi şəxsə çevrilib. Ancaq mülkiyyət növünə görə dövlətə aiddir. Prezidentin 7 fefral 2022-ci il tarixli Fərmanı ilə bu qurum Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətinə verilib. Yenə Prezidentin 19 aprel 2023-cü il Fərmanı ilə ləğv olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib. BNA-nın maliyyə hesabatlarını nəzərdən keçirdikdə görürük ki, ilk baxışdan heç bir problem yoxdur. Adətən üzə çıxarılan hesabatlarda standartlıq olur. Bunun detalları isə ictimaiyyət üçün o qədər də açıq deyil. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. Bunun tərkibi Prezident tərəfindən təyin edilən 3 nəfərdən ibarətdir. Hesab edirəm ki, son hadisə ilə bağlı məlumatın rüşvətalma kimi qeydiyyatı aparılsaydı, bu daha normal qarşılanardı. Burada növbədənkənar yoxlamalar baş verməyib. Hesablama Palatası tərəfindən audit aparıldıqdan sonra mənimsəmə və maliyyə fırıldağının olması ilə bağlı hər hansı məlumata rast gəlmirik. Agentliyin nizamnaməsini pozaraq bu əmələ yol verənlərlə bağlı araşdırmalar fərdi kontekstdə aparılıb. 16.500 manat korrupsiya əməli sayıla bilməz. Orada olan kütləvi korrupsiya hallarının aşkarlanması üçün audit yoxlaması olmalıdır. Yalnız bu zaman korrupsiya hallarını üzə çıxarmaq olar”.
Məhəmmədəli QƏRİBLİ