Astaranın Anbuba və Motalayataq kəndləri, mən deyərdim ki, Azərbaycanımızın ən gözəl və füsunkar bir guşəsində yerləşir. Ana təbiət bu yerlərdən heç nəyini əsirgəməyib.
Qaldı ki, hər iki kənddə insanları narahat edən, onları doğma yurddan perik salan uzun illərdir həllini gözləyən sosial problemlər hələ qalmaqdadır. Ən əsası indiki zamanda internetin yoxluğu kəndlərdə yaşayan əhalinin ən ağrılı yeridir. Çoxdandır bu barədə danışılır. Amma internet xətlərinin çəkilməsi ilə bağlı heç bir iş görülmür. Artıq aidiyyəti qurumların yalan vədləri adı çəkilən kəndlərinin sakinlərini bezar edibdir. Hətta bu gedişlə haçansa internetin olmasına inamlarını itiriblər.
Kənd sakinləri bildirirlər ki, internet olmayan yerdə bir sıra vacib işləri görmək müşkülə dönür. Bizim qonşu kəndlərin çoxunda internet vardır. Ondan yaxşı da istifadə edə bilirlər. Bizim də yaşayış yerimizdə belə bir mütərəqqi üsulun olmasını dövlətimizdən istəyirik. Onu da başa düşürük ki, böyük inkişaf yolunda olan ölkəmizdə insanların rahatlığı üçün bütün vacib işlər görülür. Amma xalqın taleyinə məsul olan yerli məmurlar öz yarıtmaz xidmətləri ilə ölkədə olan tərəqqiyə xələl gətirirlər. Çəkilışıni uzun illər gözlədiyimiz internet də belə...
Bəli, xalqı çətinə salan hər hansı bir sosial məsələni görmək, vaxtında ona əncam çəkmək hər bir məmurun vəzifə borcudur. Ölkə rəhbərin də məhz onlardan birinci tələbi budur. Astarada da bu tələbə əməl edib, Anbuba və Motalayataq kəndlərinin internet probleminin yoluna qoyulmasının vaxtı çatıbdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü